Artıq martın ilk həftəsinin sonlarından Bakıda Novruz bayramı ilə əlaqədar olaraq "səməni biznesi"nə başlanılıb.
Novruz bayramının atributlarından sayılan səmənilərin satışına hazırda Bakının bütün bazarlarında, ticarət obyektlərində, küçələrdə, hətta marketlərində belə rastlaşmaq olur. Bakı şəhərində 80 qəpikdən başlayaraq 20-30 manatadək hər qiymətə səməni tapmaq mümkündür.
Lent.az-ın əməkdaşının apardığı müşahidələrə görə, artıq iki ildir satışa yeni «səməni modelləri» çıxarılır. Əvvəllər səmənilər yalnız iki cür - adi düz qabda və butulka üzərində hazırlanırdısa, hazırda satışda pilləli qablarda, çiçəkli və s. səmənilərlə rastlaşmaq mümkündür.
Artıq 6 ildir Novruz bayramı ərəfəsində Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin ticarət obyektlərini hazır səməni ilə təchiz edən paytaxt sakini Fuad Əhmədov Lent.az-a bu il ümumilikdə 500 kq-a yaxın buğdadan səməni əkdiyini bildirib.
F.Əhmədov bu məqsədlə fevral ayında 1 kq-ı 18 qəpik olmaqla aran rayonlarından 500 kq təmizlənmiş buğda aldığını deyib: "Artıq 4 ildir səməni əkilməsi və satışı ilə məşğulam. Azərbaycanın özündə becərilən buğdanın səmənisi daha yaxşı olur və gec solur. Hər il fevral ayında rayona sifariş verirəm və müəyyən çəkidə buğdanı təmizlətdirib alıram. Burada isə həmin buğdadan plastik qablarda, sifarişlərdən asılı olaraq sinilərdə, nəlbəki və hətta boşqablarda səməni əkirik".
Son 10 gün ərzində konkret olaraq nə qədər səməni satdığını xatırlamasa da, F.Əhmədov martın əvvəlindən 3 mindən artıq plastik qabda səmənini ticarət obyektlərinə nağd şəkildə verdiyini vurğulayıb. Səməni ustasının sözlərinə görə, plastik qablarda ən ucuz səməninin topdan satış qiyməti 1 qab üçün 80 qəpikdən başlayır. O, müxtəlif şirkətlər, dövlət qurumları və şəxslər üçün sifariş əsasında səməni hazırladıqların da bildirib. Bu bayram mövsümündə isə hələ ki satdığı ən bahalı səməninin qiyməti 100 ABŞ dolları olub. Onu Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri sifariş veribmiş. İndiyədək fəaliyyəti dövründə ilk belə bahalı səməni hazırladığını deyən F.Əhmədovun sözlərinə görə, iri sinidə hazırlanmış bu səməni kiçik qızılgüllərlə əhatələnib və müxtəlif çiçəklərlə bəzədilib: "Keçən il ən bahalı səmənim 60 manat olub. Onu Bakı şəhərinin təhsil şöbələrindən birinin müdiri sifariş vermişdi. Ümumilikdə keçən il bayramda təxminən 300-350 kq buğdanın səmənisini əkib satmışam. Allah bərəkət versin, həm xərcim çıxır, həm də qazancım olur".
F.Əhmədov onu da qeyd edib ki, səmənini ən çox orta məktəblərdə keçirilən tədbirlər üçün alırlar. Məktəblərdə keçirilən bayram tədbirləri üçün əsasən pərakəndə satışı 1-2 manat arası olan səmənilər alınır.
Maraqlı bir faktı qeyd edək ki, təkcə F.Əhmədovun səməni əkməsinə sərf olunan buğda 2,4 ha sahədə əkin aparılması deməkdir. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev Lent.az-a bildirib ki, hazırda Azərbaycanda 1 ha sahənin əkilməsi üçün 220 kq buğda lazımdır. Azərbaycanda 1 ha sahədən 2009-cu ildə taxıl istehsalı 27 sentner təşkil etdiyindən bu qədər səməniyə sərf olunan buğdadan ən azı 5 ton yarım buğda əldə etmək mümkündür.
Yenə də Novruz bayramının atributu olan səməninizi əkin!