Məhbus günü Ata çıxdı oğul qaldı

Son güncelleme: 18.03.2010 23:11
  • noimage


    Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanının icrası davam edir.

    Lent.az-ın əməkdaşı fərmanın icrasını cəzaçəkmə müəssisələrində izləyir, əfv olunan məhkumlardan bəziləri barəsində "Məhbus günü" başlığı altında yazır.

    - Qardaş, sən də bu gün buraxılırsan?

    - Yox, buraxılan atamdır.

    - Hə... Sən onu qarşılamağa gəlmisən?

    - Yox, mən də burda "yatıram...

    Həbsxanada təsadüfən yaxınlaşdığım şəxslə baş tutan qısa söhbət zamanı maraqlı məqam üzə çıxardı: ata və oğul hər ikisi oğurluq edib, hər ikisi həbs olunub, hər ikisi cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir...

    Bu üst-üstə düşən təsadüflər məni özünə çox cəlb etdi, çox maraqlandırdı. Sonradan öyrəndim ki, ata Arzuman Həsənov və oğul Namiq Həsənov əslən İmişli rayonundandırlar. Bu gün azadlığa çıxan Arzuman Həsənovun 67 yaşı var. O, 2007-ci ildə İmişli rayon məhkəməsinin tarixli hökmü ilə 4 il müddətinə məhkum edilib. Cəzasının 1 il 2 ayı qalmış əfv olunub.

    Oğlu Namiq Həsənovun cəza müddəti də 4 il 2 aydır. Cəzasının 1 il 11 ayı qalıb. O mənimlə söhbətində deyirdi ki, atayla oğulun bir yerdə cəza çəkməsi çox ağırdır: "Ancaq bir tərəfdən də yaxşı idi ki, həbsxanada ona baxa bilirdim... Mənim bir qardaşım da var, Moskvadadır. İmkanı da yoxdur ki, anama pul göndərsin..."

    İndi ata çıxdı, oğul içəridə qaldı. Hə, bir şey az qala yadımdan çıxmışdı: 15 saylı Cəzaçəkmə Müəssisənin qarşısına Arzuman Həsənovu qarşılamağa heç kim gəlməmişdi, yəqin oğlunu da qarşılayan olmayacaq.

    Pərvin ABBASOV

    Qaynaq:lent.az
#18.03.2010 23:11 0 0 0