Türkiyənin "Qalatasaray" klubunun sabiq prezidenti Özhan Canaydın 67 yaşında vəfat edib.
Lent.az-ın məlumatına görə, Canaydın pankreas xərçəngindən müalicə olunduğu Bursa Acıbadem xəstəxanasında martın 23-ə keçən gecə dünyasını dəyişib.
Canaydın ölümü öncəsi vəsiyyətində böyük dəfn mərasimi istəmədiyini bildirib. Bu səbəbdən, sabiq klub prezidenti martın 24-də sadə mərasimlə ailə qəbiristanlığında torpağa verilib.
Qeyd edək ki, Özhan Canaydın 1943-cü il yanvarın 23-də Bursada anadan olub. O, 1957-ci ildə "Qalatasaray" klubuna üz seçilib. Bununla da 14 yaşlı Canaydın klubun ən gənc üzvü olub. O, klubun basketbol komandasında çıxış edib və 1963-cü ildə Türkiyə çempionu adını qazanıb. Daha sonra Canaydın toxuculuq biznesi ilə məşğul olub. O, 2002-ci ildə "Qalatasaray"ın prezidenti seçilib və bu postda 2008-ci ilədək fəaliyyət göstərib. Canaydının prezidentliyi dövründə klubun futbol komandası 2005-2006-cı il mövsümündə Türkiyə çempionu olub.