Dostlar yaşayır, Bes dostluqları?

Son güncelleme: 29.03.2010 14:21
  • İki dost(rəfiqə) var idi. Daha doğrusu dostlar indi də var, amma dostluqları artıq yoxdur. Bəlkə mən düz bilmirəm? 20 gün əvvələ qədər belə düşünmürdüm. Amma indi... O vaxtlar mənə deyilən kiçik bir sözü indi anladım. Anlamaq üçün gec olsa da, düzəltmək üçün gec deyil, məncə. Əhəmiyyətsiz hesab olunacaq o cümlədən hiss etdim... Bəlkə də dost deyildilər. Amma dost qədər tanışdırlar...

    Dostlar yaşayır, amma dostluqları...

    Görəsən, dostluqlarına niyə son verdilər? Bəlkə... Bəlkə, sualı düz vermədim? "Dostluqlarını kim mərdimazarlıq edib bitirdi?" deməli idim... Bir dostluğu bitirə biləcək çox səbəb ola bilər. Bu nələri saymaqla bitməz. Amma onların dostluğunu?... Düşünürəm tapa bilmirəm... Çox səmimi, mehriban, dəyərli insanlardır axı. Bu dostluğu fikir ayrılığına görə bitirəcək insanlar deyillər. Nə də biri-birilərinə ciddi "zərbə" vuracaq insanlar da deyillər. Bəs niyə artıq dost deyillər?

    Dostlar yaşayır, amma dostluqları...

    Ürəkaçan, səmimi, şirin dialoqları olardı. Görəsən, heçmi darıxmırlar o dialoqlardan ötrü? Bəzən saytdakı söhbətləri zamanı admin onlara çay, fanta, kola, su, soda və s. təklif edərdi. Bəzən utanar, bəzən isə gözəl, yumoristik cavablar verərdilər. Bəzən susardılar və ya bir də olmaz deyərdilər... Amma bu mümkündürmü? Hər dəfə yenə davam edərdilər... Bu dəfə isə...

    Dostlar yaşayır, amma dostluqları...

    Ey sən! Eyy... Bəli, bəli sən. Ekrana diqqətlə baxıb, bu yazını diqqətlə oxuyan... Başlığa, ana səhifə yazısına baxıb niyə həyəcanlandın? Niyə içindən, görəsən bizdən yazılıb? sualı keçdi? Çünki bu yazını yazmağımdan heç birinizin xəbəri yoxdur axı. Amma yazılanlar sizə tanış gəldi. Oxuyarkən o günləri xatırladın? İstər-istəməz gülümsədin? Yenə sitat gətirmək, dialoq qurmaq istərdinmi? Sevincini, kədərini onunla bölüşmək istərdinmi? Ağır "yaralanmış" dostluğunuzu həyata qaytarmaq istərdinmi? Deyirlər küsərkən barışmağa "üz" saxla... Məncə, sən (və sən) bu "üzü" saxlamısan. Fikrə getdin? Deməli, düz tapmışam...

    Dostlar yaşayır, amma dostluqları...

    O istəsin, onunla yenidən barışardım hissini heç içindən keçirdirsənmi? Məncə, hə... Əksər küsülü tərəflər bunu istəyər. Sən də həmçinin... Bunu o da fikirləşirsə bəs necə? Gəlin belə edək: Əvvəlcə ona yazacağın ismarıcı(e-maili) hazırla, sonra saytın sağ tərəfində flash saatda bu xəbər aktiv olan günü tam gecə yarısı ona ismarıc(e-mail) yaz. Onunla barışmaq istədiyini de... Nə o səndən tez, nə sən ondan tez etmiş olma. Eyni vaxtda, dostluğunuzu həyata qaytarın... Siz sevinin, sizi sevənlər sevinsin, dostluğunuzu dəstəkləyənlər, həsəd aparanlar sevinsin, amma paxıllığınızı (sizin və dostluğunuzun) çəkənlər bir az da əziyyət çəksinlər...
#29.03.2010 14:21 0 0 0