Rəhim Hümbətov: "Artıq qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb"
Krım-APA. Xarkov vilayəti İzyum Şəhər Şurası Yeni il ərəfəsində qondarma "erməni soyqırımı"nın tanınması haqqında qəbul etdiyi qərarı ləğv edib. Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, bu barədə Şəhər Şurasının növbəti sessiyasında qərar qəbul olunub. İzyum meri Şəhər Şurasının qərarı ləğv etməsi ilə bağlı Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətova və Ukrayna Azərbaycanlıları Konqresinin Krım təşkilatına müvafiq məktub göndərib. Rəhim Hümbətov bildirib ki, qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərarın ləğvinə uzunmüddətli əmək sərf edərək nail olublar: "Bu qərar Ukrayna qanunvericiliyinə zidd idi və yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Biz həmçinin Şəhər Şurasının qəbul etdiyi bu qərara hüquqi qiymət verilməsi üçün İzyum prokurorluğuna müraciət etmişdik. Uzunmüddətli mübarizədən sonra qanunsuz və ədalətsiz qərarın ləğvinə nail olduq. Artıq qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması üçün mübarizə aparmaq vaxtı çatıb. Bunun üçün əsaslar lazım olduğundan da kifayət qədərdir". Xatırladaq ki, bu, bütün dünyada qondarma "erməni soyqırımı"nın tanınması barədə qərarın ləğvinə dair ilk haldır.