Lerikdə həlak olan Samir Xəlilovun anası: "Bazarlıq edib hamını oğlumu qarşılamağa çağırmışdım"
Bəlkə də təsadüfdür, yoxsa zərurət, Samirin xidmət etdiyi hərbi hissə də, doğulub boya-başa çatdığı yataqxana da Xəzərin sahilindədir... Bilgəhdə cəmi bir dəfə olmuşam, bu qəsəbədən reportaj hazırlamağa getmişdim həmin vaxt. Bir də, qəsəbədəki qocalar evindən yazı hazırlamağa gedəcəkdim. Ancaq dünyanın işi belədir: qocaları taleyindən yazmaq üçün deyil, cavan bir oğlanın ölümündən yazmağa getdim bu dəfə... Lerik rayonunda Sərhəd Qoşunlarının hərbi qulluqçularını aparan avtomobilin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən daha biri - kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu barəsində.
Xəlilovlar ailəsi əslən Şamaxıdandır. Ancaq 1982-ci ildən Bakıda - Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayırlar. Ailə başçısı Ağamehdi qəsəbədəki Bilgəh Kardioloji Sanatoriyasında dülgər işləyir. Beş nəfərlik ailə də elə bu sanatoriyanın yataqxanasında məskunlaşıb: Ağamehdi kişi, həyat yoldaşı Mirvari və üç övladı. Övladlarından böyüyü oğlan, ikincisi qız (o artıq ailə qurub) və sonuncusu Samir olub.
Samir 1990-cı il avqustun 5-də Bakı şəhərində anadan olub. Orta təhsilini Buzovnada yerləşən orta məktəblərdən birində alıb. Ancaq valideynləri deyir ki, yaman zəhmətkeş olub Samir. Səhər məktəbə gedir, günorta qayıdır, sonra da anasının qovurduğu tumu, bişirdiyi pirojkiləri aparıb Xəzər sahillərində satırmış. Ən çox isə çimərlik mövsümündə, adamların Xəzər sahilinə axışdığı vaxt qazanırmış. Qazandıqlarını gətirib anasına çatdırarmış. Təkcə avqustun sonlarında - yeni dərs ilinin başlanmasına günlər qalan vaxtda gəlirinin bir hissəsinə özünə paltar, kitab-dəftər alarmış. Məktəbi 2008-ci ilin yay mövsümündə bitirib. Elə həmin yayda da yaxınlıqdakı məşhur istirahət mərkəzinin həndəvərində tum və pirojki satıb. Bunu anası elə ağlaya-ağlaya deyirdi ki: "Samirim lap böyük oğlan idi, cavan idi artıq. Ancaq yenə də gedib "semiçka", pirojki satırdı. Əsgərliyə gedən vaxtadək... Gözlərinə qurban ay Samir..."
Mirvari xanımla danışmaq çox çətin idi. Təsəvvür edin, aprelin 3-də oğlunun ölüm xəbəri gəlib, səhəri mən anaya onunla bağlı sual verirəm. Qışqırıb ağlamaqdan səsi tutulmuş, üz-gözü cırmaqlanmış anaya. Danışır, ağlayır. Sual vermirəm daha. Ancaq yenə də danışır: "Axırıncı dəfə martın 29-da danışmışdım Samirlə. Özü zəng vurmuşdu. Çox vaxt özü zəng vururdu. Bizə də imkan vermirdi ki, ya pul, ya kontur göndərək. Bilirdi ki, evdə vəziyyət yaxşı deyil. Çox az-az olurdu ki, nəsə göndərək. Elə aylıq maaşıyla dolanırdı, ya da dostdan-qohumdan kimsə ona kontur göndərirdi. Hə, onu deyirdim axı. Ayın 29-da zəng vurmuşdu. Həmin gün atasının ad günüydü. Təbrik elədi. Sonra da mənimlə danışdı. Dedim Samir, gözünə qurban olum, nəsə lazımdı? (Yenə ağlayır) Dedi vallah mama heç nə lazım deyil, ayın 1-də buraxılırıq..."
Sonradan aprelin 1-də buraxılmayacağı dəqiqləşən Samir ayın 2-də qardaşı Sadiqə zəng vurur. Ona deyir ki, biz səhəri gün, yəni aprelin 3-də gəlirik. Aprelin 3-ü səhər tezdən Mirvari xanım bazarlıq edir. Bir müddət əvvəl gəlin köçmüş qızı da daxil olmaqla yaxın qohumlarına zəng vurub xəbər verir ki, bəs Samir bu gün gələcək, bizdə olun. Samir aprelin 3-ü saat 17.00-18.00 radələrində evdə olmalıymış. Ancaq gəlib çıxmır, telefonuna cavab verən bir oğlan isə "Samir hamamdadı, sonra zəng vurun" deyir. Ancaq bundan da heç kim şübhələnmir. Ailə televizorun qarşısında oturub hansısa bir seriala baxan vaxt birdən qonşulardan biri gəlib bu bəd xəbəri çatdırır. Anası: "Oturmuşduq, televizora baxır. Deyib-gülürdük. Birdən qonşu gəldi ki, bəs Lerikdə "voenni"lərin maşını aşıb, ölənlər var, ölənlərdən birinci elə Samirin adını dedilər... Bunu eşidəndə elə bil başıma daş düşdü, belim qırıldı... Onların ayın 1-də buraxmalıydılar axı. Həmin gün buraxsaydılar belə də olmazdı... Bala, bilmirəm neyləyim, bilmirəm. Təkcə onu bilirəm ki, mən balamı istəyirəm, balamı..."
Yenə ağlayır... Sonra xalasıyla danışıram. Deyir hadisə xəbər tutan vaxt Sabunçu rayon Hərbi Komissarlığına yollanıblar. Ancaq komissarlığın qapısı bağlı imiş: "Qapını birtəhər açıb içəri girdik. Bir nəfər vardı, yuxulu vəziyyətdə pencəyinin qabağını bağlaya-bağlaya gəlib dedi ki, nə olub? Lap dəliyə dönmüşdüm. Axı necə ola bilər ki, komissarlığın göndərdiyi əsgər ölə, bunlar bizə zəng vurmayalar? Axı biz niyə xəbəri televizordan eşitməliyik? Sonra hərbi komissar mənim qolumdan tutub öz otağına apardı, guya sakitləşdirmək istəyirdi. Vurub otağında nə vardısa dağıtdım..."
Qohumları Lənkərana gediblər. Həmin vaxt artıq Samirin meyiti buradakı məscidə gətirilərək yuyulubmuş. Məlum olur ki, qəza vaxtı onun ayağı sınıb və başının gicgah hissəsindən xəsarət alıbmış. Ölümünə səbəb də başından aldığı xəsarət olub. Ancaq heç yaxınları bilmir ki, Samir xəstəxanaya yaralı vəziyyətdə çatdırılıb, yoxsa artıq ölübmüş. Doğmaları heç onun üzünü də son dəfə görə bilməyiblər. Çünki artıq Lənkərandakı məsciddə yuyulub kəfənə bükülübmüş.
Kiçik çavuşun meyiti hadisə olan gün axşam saat 9-da Bilgəhə gətirilib. Səhəri gün isə Şamaxıya aparılaraq baba və nənəsinin yanında dəfn olunub. Sonra isə Bilgəhə dönüblər. Yas mərasimi Bilgəhdə keçirilir. Mərasimdə iştirak edərkən yas çadırının Dövlət Sərhəd Xidməti tərəfindən qurulduğunu, yasın keçirilməsi üçün ailəyə müəyyən yardımlar etdiyini də öyrəndim. Qurum əməkdaşları da buradaydı. Lənkəran Sərhəd Dəstəsinin zabitlərindən biri hadisəni "bəxt", "tale" və "qismət"in ayağına yazırdı: "Mənim kiçik bir oğlum var. Təyinatımı Lənkərana yenicə almışdım ki, o hərbi şəhərcikdəki pilləkənlərdən yıxıldı. Başı partlamışdı. Çox çətinliklə müalicə olundu. O da ölə bilərdi. Bu, tale məsələsidi".
Bilmirəm bu, bəxt-tale məsələsidi, yoxsa yox. Təkcə onu bilirəm ki, evə əsgər meyitinin getməsi hədsiz ağır xəbərdir. Özü də tərxis olunan gün gələn xəbər.
Bilgəhdən çıxmamış Samirin şəxsi əşyalarıyla da tanış oldum: hərbi xidmətdən göndərdiyi çavuş nişanı, təşəkkürnamələr, fotoşəkilləri, məktəbi qurtaran vaxt boynundan asdığı "Məzun-2008" yazılmış lent, bir də məzun günü əynində olan, heç vaxt yuyulmayacaq sözlər. Bura onun sinif yoldaşları müxtəlif, ancaq xoş olan sözlər yazıb. Onlardan biri beləydi: "Uğur olsun Samir!"
Pərvin ABBASOV
P.S Bəlkə də təsadüfdür, yoxsa zərurət, Samirin xidmət etdiyi hərbi hissə də, doğulub boya-başa çatdığı yataqxana da Xəzərin sahilindədir... Vaxtilə tum və pirojki satdığı sahillərdə. Ona qurulan yas çadırını isə külək heç dayanmağa imkan vermirdi. Axı Xəzərin sahili həmişə küləkli olur...