Bir mən vardır məndə məndən içəri

Son güncelleme: 12.04.2010 13:44
  • noimage



    Alim və Fərqanə Qasımovlar solo konsert verdilər

    ...O iki saatlıq zaman kəsiyində sanki bütün kainat susmuşdu. Nə quşlar oxuyurdu, nə də çaylar dinirdi. Oxuyan bircə O idi. Yenə tərki-dünya olub öz aləminə qapılmışdı. Yerdəydimi, göydəmi?! Öz dünyasındaydı. Musiqiylə, muğamla, sevgiylə dolu özünəməxsus dünyasında. İlk baxışdan bu dünyada diqqəti çəkəcək, nəzərə çarpacaq bir şey yox idi. Yerə döşənmiş xalı və onların üzərində oturan o musiqi, muğam dünyasının sakinləri. Amma daxilinə vardıqda bu dünyada kimlər, nələr yoxuydu ki... Yarına qəmzə satan nazənin, aşiqinə qurban olan məşuq, bir bulağın iki gözü olan sevgililər, qaş-gözünü süzərək naz eləyən ləbi şirin canan, göydə süzən durnalar... Bir sözlə təpədən dırnağa, başdan ayağa sevgiyə bələnmişdi o aləm...

    ...O isə elə hey oxuyurdu. Qarşısındakıların qanını donduraraq, nəfəslərini belə dərməyə imkan verməyərək. Onlar da o əsrarəngiz səsi dinləməyə başlayan andan bu dünyanın sakinlərinə çevrilmişdilər. Lakin müvəqqəti - cəmi 2 saatlıq sakinlərinə. Öz aləmindənsə Onu bəzən sürəkli alqış səsləri ayırırdı. Ancaq sükut çökən kimi yenidən öz aləminə, öz dünyasına qayıdırdı.

    Dünən Heydər Əliyev Sarayı Onu sevənlərlə doluydu. Onu - dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu. Dünən Alim və Fərqanə Qasımovlar bir müddətlik intizardan sonra tamaşaçılarını solo konsert proqramı ilə yenidən sevindirdilər. Muğam ifaçılarını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, nağarada Cavidan Nəbiyev müşayiət edirdi.

    Səhnəyə ilk olaraq Alim Qasımov çıxdı. İfasını başa vurandan sonra növbə çatdı Fərqanə Qasımovanın çıxışına. Bundan sonra isə gözlənilən an gəldi. Növbə çatdı Alim-Fərqanə tandeminə. Duetdən öncə Alim Qasımov Təbrizdən gələn dostu, Nəbatişünas Xosrov Sərtabini səhnəyə dəvət etdi. Xanəndəyə Seyid Əzim Şirvaninin heykəlciyini gətirən qonaq Alim Qasımova həsr olunmuş şeir səsləndirdi. Təbii ki muğam ustasının "Segah" sədaları altında. Daha sonra duet eşidildi. Təxminən 1 saata qədər fasiləsiz oxuyan ata-bala "Şur" dəstgahını hazırlamışdılar. Alim bəyin dediyi kimi, buna olduqca ciddi hazırlaşmışdılar. Məsuliyyətlə yanaşırdılar. Tamaşaçılar tərəfindən necə qarşılanacağından narahat idilər. Amma narahatlığa heç bir əsas yox idi. Həmişə olduğu kimi, bu dəfə də Alim və Fərqanə Qasımovalar öz sözlərini deyə bilmişdilər.

    Konsert başa çatsa da, tamaşaçılar ifaçıları buraxmaq istəmirdilər. Sürəkli alqışlardan sonra iki dəfə səhnəyə qayıdan xanəndələr proqramın vaxtını daha yarım saat artırmaq məcburiyyətində qaldılar. Beləcə, 2 saat davam edən konsert tamaşaçılara xoş və unudulmaz anlar yaşatdı. Alim və Fərqanə Qasımovalar növbəti uğura imzalarını atdı.

    ...Dünən o iki saatlıq zaman kəsiyində bütün kainat susdu. Nə quşlar oxudu, nə çaylar dindi. Oxuyan O idi. Musiqiylə, muğamla, sevgiylə dolu dünyasına qapılmış Alim Qasımov. Və yenə tək deyildi. Gözünün nuru, balası, həmkarı, tərəf-müqabili Fərqanəsiylə bahəm...

    Xəyalə Muradlı
#12.04.2010 13:44 0 0 0