Birand Kimdir

Son güncelleme: 16.04.2010 13:36
  • noimage





    Türkiyənin "Hürriyət" qəzetində yazar M. Ali Birandın, "Türkiye çırpınıyor Azeriler ise hiç oralı değiller" yazısı dərc olundu. Yazıda Birand protokolların təsdiqi və "soyqırım" məsələsində Azərbaycanı Türkiyənin yanında görmədiyini qeyd edib. "Azərbaycanlılar bizimlə lağ edirlər" deməklə Birand çox uzağa gedib, o qədər ki obyektiv təhlil və tənqiddən daha çox, qərəzli olduğunu açıq-aydın ortaya qoyub.

    Qardaş Türkiyədən bəzilərinin zaman-zaman ermənilər haqqında isti fikirlər səsləndirmələrini təəccüblə qarşılamamaq lazımdır. Çünki qardaş ölkə düşündüyümüz kimi heç də monoton deyil. Qətiyyətlə deyə bilərəm ki, fərqlilərin sayı, nisbət olaraq Türkiyədə Azərbaycandan daha çoxdur. Burada diskriminasiyanı, yaxud irqi-dini dözümsüzlüyü qəsd etmirəm. Sadəcə olaraq, Türkiyə cəmiyyətinin özünə xas bir quruluşu var və bu quruluşun son zamanlarda bəzi dəyişmələrə də məruz qaldığını qeyd etmək yanlış olmayacaq.

    Bu yazdıqlarım "M. Ali Birand kimdir, Türkiyədə onun yeri nədir, o kimləri təmsil edir" mövzusunun arxa planıdır.

    Türkiyədə ənənəvi olaraq sağ, orta və sol kəsim var. Etnik azlıqlar da əlbəttə var, amma onlar da bu üçlü bölgüdən kənarda qalmırlar. Məsələn, etnik qrup olaraq kürdlər əksərən sol kəsimə aid edilirlər.

    "Türklük" anlayışı Türkiyədə bizim bildiyimiz mənadan bir az fərqlidir. Bu, Turancılıq deyil. Atatürk milliyətçiliyi də etnik milliyətçilik deyil. Atatürk milliyətçiliyi Türkiyədə yaşayan hər bir vətəndaşın Türk olduğunu bəyan etməsini ifadə edir. Məsələn, "Ne mutlu türküm diyene" kimi bir ifadəni Türkiyədə çox yerdə görmək mümkündü.

    Türkiyədə illərlə yaşadım, azərbaycanlıları kimlərin sevdiyini, kimlərin isə ümumiyyətlə, sevmədiyini yaxşı bilirəm. Məsələn, sağ kəsim bizlərə daha yaxın, orta kəsim elə orta dərəcədə, sol kəsim isə bizə qarşı biganədir. Bu hələ hamısı deyil. Bundan daha pisləri də var.
    Türkiyədə elə bir kəsim var ki, köhnə Osmanlı zamanında olduğu kimi, türklüklərindən belə utanırlar. Onlara qalsa, Marseldə bir fransız olaraq doğulmaq istəyərdilər. Həqiqət budur ki, türklərin qədim vətəni Altay dağları və ətrafıdır, lakin onlar bu fikirdən belə qızararlar. Onlar üçün Avropa dəyərləri bir bütün olaraq, yaxşısına - pisinə baxmadan, ən üstün, ən həqiqi dəyərlərdir. M.Ali Birand da bu kəsimin tipik nümayəndəsidir. Qətiyyətlə sizi əmin edə bilərəm ki, M.Ali Birand ermənilərdən nifrət etmir, habelə erməniləri özünə düşmən da saymır. Türkiyədə "entel kesim" deyə bir qrup var, buraya ali savadı olan, üzü Qərbə dönmüş, həyatları, ailə adət-ənənələri tamamilə qərb stilində qurulmuş insanlar daxildir. Bunlar Avropada - Amerikada təhsil alıb, bəziləri ailə qurub, asiyalı türklüklə əlaqəsi qalmayacaq dərəcədə az olan insanlardır. Belələrini çox tanıyıram. Bunlar bir çox məsələyə, Qərb gözü ilə, Qərbin maraqları ilə baxırlar: bu onlarda ya inancdır, ya da ki vərdiş. Azərbaycanın onlar üçün xüsusi bir yeri yoxdur, bəzi məqamlarda heç Türkiyənin də... Məsələn, Türkiyənin Avropa Birliyinə üzv olması üçün 30 Azərbaycan kimi müttəfiqdən belə vaz keçilməsinin tərəfdarıdırlar.

    Türkiyədə sağ kəsimin ermənilərə qardaş dediyini görmədim. Hətta sağ kəsimin partiyası olan AKP-dən millət vəkili seçilmiş Murad Mercan "Azərbaycan müharibə eləsə, biz onun yanında olacayıq" kimi açıqlama vermişdi. Türkiyədə sağ kəsimin başqa nümayəndələri də zaman-zaman Azərbaycana dəstək çıxışları ilə gündəmə gəlirlər. Bu, rassional yanaşmadı: Azərbaycanın bölgədəki marağı, həm də Türkiyənin uzun müddətli marağıdır, buna görə də Azərbaycanın dəstəklənməsi qardaşlıqdan da yana strateji əhəmiyyətə malikdir. Bu yanaşma həm də Türkiyəni bölgədə söz sahibi edə biləcək hədəfdir.

    Halbuki M.Ali Birand kimi insanların təmsil olunduğu düşüncə tərzi Türkiyəni on illərcə regionda heç bir prosesə təsiri olmayan ölkə kimi təqdim edirdi.

    M.Ali Birand dünya görüşlü, gəzmiş, görmüş və intellektual insandır. Onun yazıları bəzən qərəzli, çox vaxt tənqidi, amma yenə də maraqlıdır. Lakin M.Ali Birand məsələlərə "türklük" anlayışı və motivlərindən daha çox, bir fransız, yaxud ingilis eynəyinin arxasından baxır. Bəli, Türkiyədə bu kəsim var, milli və dini dəyərlər onlar üçün tamamilə yad, qəribə anlayışlardır. Bunlar özlərini qlobal, universal vətəndaş sayır və hesab edir ki, "türkün türkdən başqa dostu yoxdur" ifadəsi kökündə yanlışdır. Məsələn, ermənilər də türklərin ən sadiq və yaxın qonşularıdır. Hətta keçən il də şahid olduq ki, mindən çox "ziyalı" ermənilərdən üzr istəmə kampaniyasına qoşulmuşdu. Birandın da adı o siyahıda idi...

    Qlobal insan olmaq yaxşı əlamətdi, o bizdə də var. Hətta azərbaycanlıların bir çoxu etnik milliyyətçi deyil, lakin biz kimin dost, kimin düşmən olduğunu yaxşı bilirik. Məsələn, bilirik ki, Qafqaz İslam Ordusu və Nuri Paşa misalından Anadoludakı qardaşlarımız lazım olanda bizim üçün qanlarını da verməyə hazır olublar.

    Amma onu da bilirik ki, bu da tək tərəfli olmayıb: Azərbaycan oğulları da, güllələrin yağış kimi yağdığı Çanaqqalada öz qardaşları ilə bərabər şəhid olublar. İnanmayanlar gedib məzarlarını da görə bilərlər: orda qəbir daşlarında belə yazılıb: "Mehmet, Bakü".

    ...İmkan olanda, bunlardan da yazmaq mümkündü, hörmətli Birand!

    lent.az

    Fərhad Mehdiyev
#16.04.2010 13:36 0 0 0