Vulkan tozu Azərbaycana gələcəkmi

Son güncelleme: 19.04.2010 14:42
  • noimage

    Ekoloji duruma, insanların rahat nəfəs almasına mənfi təsir göstərən toz dumanı şərqə doğru irəliləyir

    İslandiyada buzlaq bölgədə baş verən vulkanın yaratdığı toz-dumanın Avropanı bürüməsi təşviş yaradıb. Ümumilikdə 6 min təyyarə reysinin ləğvinə səbəb olan vulkanın his dumanı şərqə doğru yayılmaqdadır. Kül şəklində dünyanın başı üzərində dolanan qara toz Azərbaycana da öz təsirlərini göstərməyə başlayıb. Toz dumanı hava nəqliyyatının işini iflic vəziyyətə saldığından aprelin 23-də Bakıda keçirilməsi nəzərdə tutulan gənclər arasında boks üzrə dünya çempionatı da təxirə düşüb. Artıq Azərbaycanın şimal qonşusu Rusiyaya çatan toz dumanının Türkiyə ərazisinə də keçəcəyi gözlənilir.

    Lent.az İslandiyadakı vulkanın tozunun Azərbaycana təsirlərinin nədən ibarət ola biləcəyi ilə bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, bu təbiət hadisəsinin ölkədə ekoloji duruma, insanların səhhətinə mənfi təsiri mümkündür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov əməkdaşımızla söhbətində deyib ki, vulkan tüstüsünün Azərbaycanadək gəlib çıxma ehtimalı istisna deyil. Onun sözlərinə görə, tozun yüksək təbəqələrdən hava axınları vasitəsilə Şimali Qafqaza, Gürcüstana, Azərbaycan ərazisinə daxil olmaq təhlükəsi var.

    Rza Mahmudov əlavə edib ki, vulkan tozu insanlarda allergik və ağciyər xəstəliklərinin artmasına, xüsusilə də toz hissəcikləri şəklində tənəffüs orqanlarına mənfi təsir göstərir.
    Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun şöbə müdiri Adil Əliyev vulkanın yaratdığı toz və dumanın uzun müddət davam edə biləcəyini söyləyir. Bu isə tozun Azərbaycan ərazisinə də gəlib çata biləcəyi ehtimalını artırır. Onun sözlərinə görə, artıq dumanın Türkiyə ərazisinə çatması barədə məlumatlar var və belə olan halda eyni vəziyyət Azərbaycanda da müşahidə olunacaq.

    Mütəxəssislər vulkanı Yer kürəsində iqlim dəyişikliyinə səbəb ola biləcək hadisə kimi qiymətləndirirlər. Vulkan tozunun Azərbaycana nə vaxt və necə gəlib çatacağı isə bir neçə şərtdən asılıdır. Aydın Əliyev bu şərtlər arasında hava axınını, vulkanın özünün fəaliyyətin xüsusi qeyd edir. Ancaq müsahibimizin fikrincə, toz dumanı Azərbaycana gəlib çatsa belə, onun təsirləri Avropadakı kimi güclü olmayacaq. Çünki tüstü yayıldıqca onun təsir gücü də zəifləyir.

    Elxan SALAHOV
    Qaynaq:LENT.AZ
#19.04.2010 14:42 0 0 0