Fransa prezidenti Nikolaz Sarkozi çarşab və niqab geyməyi qadağan edən qanun layihəsi hazırlamağı tapşırıb.
Lent.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Fransa hökuməti çıxış edib.
Hökumətin rəsmi nümayəndəsi Lyuk Şatel bildirib ki, prezident nazirlərə qanun layihəsini tez bir zamanda hazırlamağı tapşırıb - artıq may ayında sənəd parlamentə təqdim olunmalıdır. Sarkozinin fikrincə, ictimai yerlərdə bədəni və üzü tam bağlayan geyim geymək qadağan olunmalıdır. O, ümid edir ki, qadağa Fransa cəmiyyətinin heç bir qrupuna mənfi təsir göstərməyəcək.
Sarkozi dəfələrlə çarşab və niqabın geyilməsinə qarşı çıxıb. Onun fikrincə, bu, qadınları alçaldır. Amma prezident ilk dəfə aktiv hərəkət etmək qərarı qəbul edib.
Fransa ənənəvi xristian dövləti sayılsa da, ölkədə 5 milyon müsəlman yaşayır. Bu, Qərbi Avropa dövlətləri arasında ən böyük rəqəmdir. 2004-cü ildə ölkədə ictimai yerlərdə dini simvollar gəzdirmək, məktəblərdə çarşab və niqab taxmaq qadağan olunub. Elə o zaman bu geyimin tam qadağan edilməsi məsələsi ortaya çıxıb. Lakin qanun layihəsinin Fransa konstitusiyasına nə qədər uyğun olduğu bilinmir.