Batabat Bulagi

Son güncelleme:
  • Bulaqların bir səmtədir axarı,
    Salvartı"nın xoş görünür baxarı.

    Biçənəkdən at səyridib yuxarı,

    Yalmanına yata-yata gəlmişəm,

    Mərcan gözlü Batabata gəlmişəm.



    "Qonaqgörməz" düşmənidir təkliyin,

    Ayaqları xınalıdır kəkliyin.

    Göl üstəki güllüyün, çiçəkliyin

    Xoş ətrinə bata-bata gəlmişəm,

    Mərcan gözlü Batabata gəlmişəm.



    Dağ cığırlı, hər tərəfim duman, çən,

    Boz qayadan cüyür ürkdü qəflətən.

    Tüfəngimi sinəm üstə basıb mən -

    Arxasına ata-ata gəlmişəm,

    Mərcan gözlü Batabata gəlmişəm.



    Mehmanınam on beşdə mən, beşdə mən,

    Gətirmişəm basdırmanı teştdə mən.

    Neçə ocaq tüstülədib döşdə mən,

    Birini də çata-çata gəlmişəm,

    Mərcan gözlü Batabata gəlmişəm.



    Vüqarlıdır zirvələrin, qaşların,

    Üzə gülür qayaların, daşların,

    Mən İslamam, öz səsimi quşların

    Nəğməsinə qata-qata gəlmişəm,

    Mərcan gözlü Batabata gəlmişəm.

    İslam Səfərli
0 0 0