Ermənilər Laçın və Kəlbəcərin azad edilməsi üçün vaxt istəyir

Son güncelleme: 04.05.2010 23:45
  • noimage

    "Ermənistan işğal altındakı Azərbaycan torpaqlarının müəyyən qisminin azad edilməsi üçün rəsmi Bakıdan vaxt istəyir".

    APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi Araz Əzimov İctimai Televiziyaya müsahibəsində deyib. O, Türkiyə ilə Ermənistan arasında sərhədlərin hansı şərtlərlə açılmasının mümkünlüyünə də aydınlıq gətirib: "Türkiyə ilə Ermənistan arasında sərhədlər 1-ci mərhələdə Azərbaycanın işğal altında olan 5 rayonunun və Laçın yolunun azad edilməsi ilə açıla bilərdi. Bu, rəsmi Bakının İrəvana xoş niyyətinin də göstəricisi olardı. Eyni zamanda bu, həm Türkiyənin Ermənistanla əməkdaşlığının başlanması üçün əsas vasitə rolunu oynaya, həm də Türkiyənin Azərbaycan və Ermənistanla üçtərəfli ticarət, yaxud başqa sahələrdə əməkdaşlığına şərait yarada bilərdi. Ermənistan bu şeyləri rədd etməklə hər şeyi itirir. Hansısa siyasi illüziyalara görə, prezident Sarkisyan, yoxsa onun arxasında duran başqa kiminsə siyasi baxışları, maraqları ucbatından Ermənistan və erməni xalqı yaxşı perspektivləri itirə bilər".

    A. Əzimovun sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağa qayıdaraq ermənilərlə bərabər əsaslarda yaşaması, müvəqqəti statusla təmin olunması, eləcə də Azərbaycan hökumətinin orada iqtisadi bərpa işlərinə başlaması üçün müvafiq şərait olmalıdır. Hazırda bunun mümkün olmadığını deyən nazir müavini bildirib ki, orada Azərbaycan Konstitusiyası bərpa edilməli, həmin Konstitusiya çərçivəsində yerli əhalinin razılığı ilə status müəyyənləşdirilməlidir: "Lakin bu mərhələlərlə həyata keçirilməlidir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı azad edilməli, Laçın yolu açılmalıdır. Laçın və Kəlbəcərin azad edilməsi üçün Ermənistan vaxt istəyir. Bu vaxt müəyyənləşdirilməlidir. Buna dair həmsədrlərin təklifi var. Laçının şimalı və Kəlbəcərin azad edilməsi kimi, azərbaycanlıların Qarabağa qayıtmasının da vaxtı müəyyənləşdirilməlidir. Nə vaxt qayıdacaqlar, qayıdanda bərabər statusla təmin olunacaqlarmı? Bu, 5 rayon+Laçın yolunun azad edilməsi ilə eyni sənəddə təsbit edilməlidir".

    Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsi ehtimalına gəlincə, A. Əzimov hazırkı mərhələdə bu məsələnin gündəmdə olmadığını bildirib.

    Qaynaq:LENT.AZ
#04.05.2010 23:45 0 0 0