Mayın 6-da Azərbaycan İstiqlal Muzeyində Qələbənin 65 illiyi ilə əlaqədar olaraq "Tarixin ibrət dərsləri" adlı tədbir-sərgi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyevin oğlu Sabir Quliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, 1941-45-ci illər müharibəsinin veteranları, Daxili Qoşunların əsgərləri, muzey ictimaiyyəti iştirak edib. Muzeyin direktoru Fəridə Şəms tədbirin keçirilməsi zərurətindən, müharibə dövründən, Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də İkinci Dünya müharibəsi dövründə Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən söhbət açıb. Qələbənin 65 ili münasibəti ilə bütün veteranları təbrik edib və onların müharibə dövründə göstərdikləri qəhrəmanlıqlara görə öz təşəkkürünü bildirib: "Müharibə çox ağır bir anlayışdır. Azərbaycan xalqı bu gün də müharibə şəraitində yaşayır. Bu, Vətən uğrunda aparılan müharibədir. Biz heç zaman atalarımızın, babalarımızın keçdiyi bu şücaətli yolu unutmamalıyıq və bunu daima yaşatmalıyıq".
Qeyd edək ki, sərgidə muzeyin fonduna məxsus Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, Mehdi Hüseynzadə, Səlahəddin Kazımov, İsrafil Məmmədov, Məzahir Quliyevin şəxsi əşyaları, Azərbaycan Dövlət kino-foto sənədlər arxivindən fotolar, plakat kolleksiyası və rəsm əsərləri nümayiş etdirilib. Muzeyin 3 zalında təşkil olunan sərgi "Azərbaycan 1941-45-ci illər müharibəsində", "Azərbaycanın Qızıl Ulduzları" mövzularını əhatə edən plakatlar və rəsm əsərlərindən ibarət olub.