Kür və Araz çaylarının tarixən bir neçə dəfə bir-birinə qovuşması və yenidən ayrılması faktlarına Azərbaycanın folklor ədəbiyyatında da rast gəlinir. Tarixin süzgəcindən süzülüb bu günə qədər gəlib çatan xalq mahnıları və bayatılarda, el məsəllərində, iki çayın bir-birinə qovuşmasına və ya ayrılmasına dair yüzlərlə nümunələr var:
Arazı ayırdılar,
Lil ilə sovurdular,
Mən səndən ayrılmaz idim
Zor ilə ayırdılar.
Əzizim, Araz məni,
Öldürdü Araz məni,
Çıxardın qəbrimdən
Ovudun bir az məni.
Araz deyiləm, daşam,
Qum deyiləm, qaynaşam,
Apar zərgər yanına
Gör nə qiymətdə daşam.
Araz xaşalı yandım,
Odu maşalı yandım,
O aləmə od düşdü
Mən tamaşalı yandım.
Gəmi ollam, dolannam,
Araz ollam, bulannam,
Sağ göz gözüm sənə qurban
Sol gözümlə dolannam.
Arazam, Kürə bəndəm,
Bülbüləm, gülə bəndəm,
Mən burda bənd olmazdım
Bir şirin dilə bəndəm.
Arazım Kür üstündən,
Hüsnünü vur üstümdən,
Çünki təbib deyilsən
Yaramın dur üstündən...
Kür və Araz çaylarının böyüklüyünü, onları nə qədlər sevildiyini özündə ehtiva edən bir neçə el məsəlini də xatırlatmaq yerinə düşər:
- Araz axır, gözüm baxır.
- Araz aşığımdan, Kür topuğumdan.
- Araz duru, Kür sarı.
Nəhayət, mərhum şairimiz Xəlil Rza Ulutürkün şeirlərində kür və Araz çayları haqqında çoxlu misralar var. Ustad Şəhriyarın bu taya gələcəyi xəbərini eşidərkən yazdığı "Gözün aydın, Azərbaycan!" adlı şerində də həmçinin. Həmin şeirdən bir parça ilə bu yazıya nöqtə qoyuruq:
Fəxr et, gözün aydın, Azərbaycan!
Güz günü qoynuna ilk bahar gəlir.
Çiçək sərgisidir Milim, Muğanım,
Əllərdə titrəyən laləzar gəlir.
Sığmır yatağına nə Araz, nə Kür
Xəzərə qəlbimdən Xəzər tökülür.
Ayrılıq sədləri lay-lay sökülür.
Yurdumun yarısı mənə dar gəlir.