Dədə Şəmşirin HƏyat Yoldaşı Güllü Xanım

Son güncelleme: 08.06.2010 11:34
  • Dədə Şəmşirin bədii yaradıcılığında: gəraylılarında, qoşmalarında, təcnislərində, divanilərində, müxəmməslərində adı ismət-qeyrət mücəssiməsi ilə çəkilən Güllü xanım əslində Kəlbəcərin Seyidlər kəndindəndir. Sonralar atası Seyid Həsən ailəsi ilə birlikdə köçüb Ağdaban kəndində sakinləşib. Dədə Şəmşir Güllü xanımla 1927-ci ildə xoşbəxt ailə qurmuşdur.
    Onlar 53 il ömür-gün yoldaşı olmuşlar.Ustad Şəmşir Güllü xanıma ailədə: "Güllərbəzən", "Nazlı gəlin", "Gülgülüm", "Süsən gülüm", "Sərvi sənubərim" - deyə müraciət edərmiş. Güllü xanım 20 il Şəmşirsiz keçirdiyi günlərini 2000-ci ilin 18 martında başa vurub, dünyasını dəyişdi.
    Deyirlər, ərlə-arvadın torpağı bir yerdən götürülür. Doğrudan da Dədə Şəmşir ilə Güllü xanımı tanıyanlar onların mənalı ömür-gün sürdükləri 53 il haqqında ürəkdolusu söhbət açırlar. Dədə Şəmşirin övladlarından seçmədiyi, həmişə, hər an ustadın dizinin kündəsini kəsən istedadlı şair Məmməd Aslan "Yüz ilin başıdı..." yazısında deyir:
    " - Dədə Şəmşir, örün doxsan ilinin doqquz gününü bu xəstəxanada keçirirsən, burada arvada salam-səfa məktublarından özgə nə yazmısan?
    Bir qalın dəftəri belədən-belə varaqlayır.
    - Əlliyə yaxın cinaslı bayatı yazmışam - özünəməxsus şirin bir qaqqanaq çəkir.- Bunun da çoxusu güllü nənənindir.."
    Güllü xanım haqqında Dədənin poetik duyumundan bəzi töhfələr:

    Sən uzun ömrünü yaşa, yaxşıdı,
    Vəsməni çək qələm-qaşa, yaxşıdı.
    İz qarın üstündə qoşa yaxşıdı,
    Təkcəmi salırsaniz innən belə.

    Yaxud

    O işvəli ceyran, o nəcib pəri,
    Şəmşiri eyləyib dəli, sərsəri.
    Nəğməsilə bağlamışam dəftəri,
    Vəsfi qalsın bu cahanda Güllərin.

    Biz ümumi tanışlıq üçün Güllü xanımın poetik portretindən verdiyimiz öyüm-deyimlərlə hələlik kifayətlənirik. Əminik ki, qədirbilən ortaq Türk dünyasının poeziya, saz-aşıqsevərləri Dədə Şəmşirin ədəbi irsini bundan sonra özlərinin stolüstü kitabına çevirəcəklər.
#08.06.2010 11:34 0 0 0