Artıq yolda işlərin 80%-dən çox hissəsi başa çatıb
Birinci Bakı Dairəvi Yolu avqust ayında istismara veriləcək. Bu barədə «APA-ECONOMICS»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
Artıq yolda işlərin 80%-dən çox hissəsinin başa çatdığını deyən P.Mürsəliyev yol istifadəyə veriləndən sonra Azərbaycanın cənub və qərb rayonlarından gələn avtomobillərin paytaxta daxil olmadan, Lökbatan dairəsindən şimala hərəkət edəcəyini vurğulayıb. Bununla da paytaxtda tıxacların yaranmasının qarşısı qismən alınmış olacaq.
P.Mürsəliyev I texniki dərəcəli, 6 hərəkət zolaqlı dairəvi yolun 3 hissədən (ümumilikdə 21,5 km) ibarət olduğunu bildirib. Yolun birinci hissəsi Biləcəri yoxuşundan Qanlı gölə qədər hissədir. Bu hissədə yol genişləndirilməklə yanaşı yerli əhəmiyyətli 2 əlavə zolaq tikilir. Qanlı göldən Lökbatan dairəsinə qədər olan ikinci hissədə yeni yol tikilir. Üçüncü hissə isə Lökbatan dairəsindən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 22-ci kilometrinə qədər olacaq və bu hissədə yolun 6 hərəkət zolağına uyğunlaşdırılması işləri aparılır.
Yolun üzərində 4 qovşaq, 6 yol ötürücüsü yerləşir.
Qeyd edək ki, layihənin ilkin dəyəri 49,5 mln. ABŞ dolları təşkil edib. Küveyt Fondu, Abu-Dabi Fondu və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən layihəyə sonradan əlavə işlər daxil edildiyindən bahalaşmanın olduğu bildirilir.
Layihənin baş podratçısı Türkiyənin «Mak-Yol İnşaat, Sənaye, Turizm və Ticarət A.Ş.» şirkəti və Küveytin «Kopri» şirkətinin birgə yaratdığı «Mak-Yol-Kopri» konsorsiumu, podratçısı isə Azərbaycanın «Azərinşaatservis» şirkətidir.