Hövsələmdə yoxdur ki, saatlarla oturum, salonda vaxt itirim"
Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva qadın gözəlliyinin sirləri, özünün gündəlik həyatı, zövqü və vərdişləri barədə Lent.az-a danışır
- Sizin üçün qadın gözəlliyi nə deməkdir?
- Birincisi, qadının zövqü olmalıdır. Əgər insanın daxilində o zövqü yoxdursa, o qadın nə qədər gözəl olur-olsun, fərqi yoxdur. Mən vulqar qadınların əleyhinəyəm. Qadın zərif və gözəgəlimli olmalıdır. Qadının gözəlliyi özünü aparmağında və durmağında olmalıdır. Heç vaxt açıq-saçıqlığın əleyhinə olmamışam. Qadın hər şeyi özünə yaraşdıra bilirsə, qoy yaraşdırsın. Gözəllik qavramı mənim üçün əhəmiyyətlidir. Mən surətpərəstəm. Düzdü, deyirlər çirkin qadınlar olmur. Lakin üzü də gözəl olub, özünü apara bilmirsə, bu artıq ona həyatda maneçilik edir.
- Maraqlıdır, mən sizi heç vaxt nə uzun dırnaqlarda, nə rəngbərəng saç düzümlərində görməmişəm.
- Hə, nə bilim... Sadəcə olaraq edə bilmirəm. Edənləri də qınamıram. Bir dəfə saç qoydurmaq istədim, edə bilmədim. Dırnaq qoydurmaq istədim, onu da edə bilmədim!... Daha çox təbiiliyə üstünlük verirəm. Təbii ki kosmetikadan istifadə edirəm. Lakin adi günlərdə yayınıram. İstəyərdim e, məndə alınmır.
- Gündəlik həyatda kosmetikadan istifadə edirsiniz? Ümumiyyətlə gününüz necə keçir?
- Gündəlikdə kosmetikadan yox dərəcəsində istifadə edirəm. Bir balaca üzümə ton edə bilərəm ki, üzüm təravətli olsun. Kosmetikadan adi günlərdə çox az istifadə edirəm. Bakıdan çıxan kimi ümumiyyətlə heç nə etmirəm.
- Gözəllik salonlarında nə qədər vaxt itirirsiniz?
- Yox, heç hövsələm yoxdur, heç, heç, heç... Saçımı "ukladka" edənə qədər 50 dəfə stuldan qalxıram, otururam. Bir yerdə oturmağı sevməyən insanam, evdə də oturub "çay gəlsin", "kofe gəlsin" deyənlərdən deyiləm, bütün günü evdə fır-fır fırlanıram. Bir iş də görməsəm, bu otaqdan o otağa keçirəm, gəzirəm, nə isə axtarıram... Bir də görürsünüz, şkafıma baxıram, orda nə isə gözümə yaxşı görünmür, yığışdırıram. Nə bilim... Hövsələm də yoxdur ki, saatlarla oturum, salonda vaxt itirim. Lakin bu o demək deyil ki, qadınlar bunu etməsin.
Edənlərə də bir də görürsünüz qibtə edirəm. Bu normal bir şeydir. Qadının saatlarla oturub özünə baxmağı normaldır. Mənim anam, bacım belə şeyləri xoşlayırlar. İndi anam artıq yaşlanıb, zamanında yadıma gəlirdi ki, özünə diqqət edirdi, maskalar filan üzünə çəkirdi. Amma mən... belə şeyləri heç edə bilmirəm.
- Lakin zaman-zaman fərqli obrazlarda görünmüsünüz, zövqünüz də var.
- Hə, zamanında bir az riskə getmişəm. Elə fotoşəkillərim olub ki, indi baxanda fikirləşirəm, ay Allah, mən bunu necə etmişəm! Yenə deyirəm, vulqar olmayanda, hər şey estetik olanda gözəl görünür.
- Bugünkü gündə fərqli şeylər ortaya çıxararsınız. Bundan sonra sizi hansı obrazda görmək olar?
- Misal üçün, yeni klipimdə daha bir qlamur qadın göründü. Baxmayaraq ki, sadə görünməyə üstünlük verirəm, nədənsə bu dəfə istədim uzun paltar filan geyinəm. Axır vaxtlar uzun gecə geyimlərinə üstünlük verirəm, lakin çox parıltılı, işıltılı geyinməyi sevmirəm.
- Heç vaxt artıq çəki ilə mübarizə aparmırsınız..
- Apara bilmirəm, ona görə. O mənim minusumdur. Mənə həyatda çox mane olur. Əslində həyatda yox, səhnədə mane desəm doğru olar. Misal üçün, indi mən istədiyim kimi geyinə bilmirəm.
- Əslində necə geyinmək istərdiniz?
- Mən pencəklər geyinməyi xoşlayıram, indi geyinə bilmirəm. Görürəm ki, yaraşmır. Çox xoşuma gəlir şalvar-pencək, indiki çəkimlə bilirəm ki, yaraşmır. Həyatımda bir dəfə arıqlamışam. 1997-ci ildə 49 kiloqram oldum. Ondan sonra yenə başladım. Dənizdən sonra lap nöqtəsini qoydum. Lakin çox istəyirəm ki, arıqlayam.
- Hazırda bir neçə gündə arıqlamaq üçün çox üsullar var.
- Nə bilim, qorxuram hər şeydən. Ancaq gərək pəhrizlə arıqlayam. O necə deyərlər, ağzımı bağlasam, hər şey alınacaq. Əvvəllər gündə bir saat da olsa, üzürdüm. Başqa üsullara gedə bilmərəm, qorxuram. Bəlkə də nə vaxtsa, mən də bu üsulları qəbul edəcəm, lakin hələlik mümkün deyil.
- Aksessuarlara necə, marağınız varmı?
- Əvvəllər mən bijuteriyaları çox xoşlayırdım. İndi daha çox zinyət əşyalarını, özü də həcmi balaca olanları çox xoşlayıram. Yəqin vaxtında böyük-böyük bijuteriyaları çox taxdım. İndi daha çox ayaqqabıya üstünlük verirəm. Əynimə istədiyim paltarları çox geyinə bilmədiyimdən fikrimi daha çox ayaqqabılara yönləndirirəm. Çanta-ayaqqabılara daha çox üstünlük verirəm.
- Müsahibələrinizin birində oxumuşdum ki, baxmayaraq ağ və qara geyimlərə çox üstünlük verirsiniz, sizin qarderobda başqa rəngi paltar çoxdur.
- Nə bilim, xoşuma gəlir. Görürəm cəlbedicidir. Öz-özümə deyirəm ki, geyinəcəm. Elə bir şey var ki, on dəfə geyinirəm, ancaq o elə güzgünün qabağında qalır, heç otaqdan da çıxmıram.
- Heç vaxt dəyişmədiyiniz, vaz keçmədiyiniz nəsə var?
- Arıq olanda (gülür) hərçənd Brilliant Dadaşova mənə deyir, səni heç vaxt arıq görməmişəm... hə, arıq olanda da ağ-qara rəngi geyinirdim. Sevirəm bu rəngi. Hər yerdə gözəldi. Pencək-kostyumdan, uzunboğaz çəkmədən vaz keçmirəm.
- Qadın rəfiqələrinizə nə hədiyyə edə bilərsiz?
- Hədiyyə verəndə o insanı verəndə o insanı fikirləşirəm ki, desin, "mən axtardığım bu idi!" Bax belə hədiyyə vermək istəyirəm. Hədiyyə adına hədiyyə bağışlamağı sevmirəm. İnsanlara sevdiyi, bəyəndiyi bir şeyi hədiyyə etmək istəyirəm.
Ümumiyyətlə, insanları sevindirməyi xoşlayıram. Bu gün bir insanı sevindirmişəmsə, özüm də sevinirəm. Bu, mənim qidamdır. Bəlkə də bu, eqoizmdir. Daha çox özümü sevindirmək istəyirəm. O, məndə enerji yaradır.
- Qızınıza nə hədiyyə etmisiniz?
- Qızıma? Çox şey! Hara getdim, nə gördüm, alıram. Demək olar ki, iki yaşına kimi qızıma çox şey almaq lazım deyildi. Çünki anadan olanda ona o qədər şey almışdılar ki! Biz yoldaşımla düşünürdük ki, biz bu uşağımıza nə alaq, nə hədiyyə edək. Alınan hədiyyələr iki yaşına qədər bitib tükənmirdi, elə o hədiyyələrdən istifadə edirdik. Buna baxmayaraq yenə də alıram.
- Dənizə hansı rəngi yaraşdırırsınız?
- Bir xasiyyətim var. Nigar (prodüseri-R) da bəzən mənə deyir ki, bəsdi qızını da özün kimi geyindirdin. Daha çox pastel rəngləri sevirəm. İstəyirəm ki, indidən Dənizin zövqü formalaşsın.
- Eynəklərlə aranız necədi?
- Eynək mənə yaraşır. Lakin taxa da bilmirəm. Taxanda bir balaca ürəyim sıxılır. Buna baxmayaraq eynəkləri də sevirəm.
- Eynəkləri, aksessuarları hardan alırsız?
- Maşallah, Azərbaycanda hər şey var. Bütün brendlər var. Başqa yerə getmək lazım deyil. Əgər çıxıramsa, başqa ölkələrdən alıram. İndi Azərbaycan hər cür zövqlü məhsullar var.