Bu gün Azərbaycanda Peşə Bayramıdı - 2 Iyul

Son güncelleme: 02.07.2010 14:41
  • Paytaxt Bakını bir günlük də olsa belə Dövlət Yol Polisi əməkdaşları olmadan təsəvvür edin. Bilirəm, əslində təsəvvür etmək çox çətindir. Bir çox sürücülər DYP müfəttişlərinin hərəkətlərindən gileylənirlər, müəyyən mənada da bəzən haqlı olurlar ... Amma biz yenə də paytaxt yollarını onlarsız düşünək:

    Qayda və qanunlara riayət etməyən sürücülər bu istiqamətdəki "hünərlərini" daha da artırırlar, DYP-dən azca da olsa çəkinən sürücülər artıq buna məhəl qoymurlar, el arasında "avtoş" adlandırdığımız mahir sürücülər daha doğrusu avtoxuliqanlar yollarda "dəmir at" oynadırlar, yol kəsişmələrində və qovşaqlarında heç kim heç kimə yol vermir, işıqforlarda isə ardı-arası kəsilməyən tıxac, bir sözlə xaos!!!...

    Problemlərin bünövrəsində bir çox amillər var və bunda cəmiyyətin də kifayət qədər rolu var.

    Biz avtomobil nəşri olaraq bir sıra ictimai məsələləri daima araşdırır və aradan qaldırılması istiqamətində bu yazıları öz səhifələrimizdə işıqlandırırıq. Amma qarşıdan gələn vacib və əlamətdar tarixi anı hörmətli oxucuların nəzərinə çatdırmaq istərdik.
    1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində müstəqil polis qurumları - asayişi mühafizə dəstələri yaradılıb.




    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən bu tarixi gün - 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı - Polis günü kimi qeyd edilir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Polisinin nüfuzu xeyli artdı, eyni zamanda polislərin məsuliyyəti də çoxaldı.

    İndi artıq onlar müstəqil məmləkətin müstəqil vətəndaşlarını qoruyurlar, onların hüquqlarını müdafiə edirlər, həmçinin hüquqpozmaların növünə uyğun məsuliyyətə cəlb edirlər. Avtonəqliyyat sahəsində çalışanlar, ümumiyyətlə bu sahə ilə bağlı insanlar, sürücülər bir sözlə hamımız daha çox Dövlət Yol Polisi müfəttişləri ilə rastlaşırıq. Gündəlik həyatımızda daha çox onları görürük.

    Bu gün bir çox sahədə olduğu kimi onların da işində nöqsanlar var. Amma bu kiçik məqamlar polislərin ümumi işinə xələl gətirməli deyil. Ümumi sabitliyin və asayişin qorunmasında Azərbaycan Polisinin üzərinə böyük məsuliyyət düşür. Arzu edək ki, polislərimiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlsinlər, onlara peşəkar fəaliyyətlərində uğurlar diləyək və avtomobil həvəskarları onları yalnız dost və yardımçı qismində tanısınlar.
#02.07.2010 14:41 0 0 0