Sabir uşaq ikən güclə ona Oruc tutdururlar. O yemək istəyəndə anası onu qorxudur:
- Bax, orucunu sındırsan günah olar. Atan, anan ölər. Sən bizim ölməyimizi istəyirsən?
Mollaxanada idə yazı yazdığına görə molla onun ayaqlarını falaqqaya salıb döyür. Mollaxanadan evə qayıdan bərk acmış uşaq qazana baxa-baxa anasına şeir deyir:
Tutdəm Oruc irəmazanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda.
***
Jurnalist Mehdi Hacınski 1905-ci ildə "Həyat" qəzetində işlədiyi vaxt, bir dəfə Sabir idarəyə gəlir. "Avara" təxəllüsü ilə yazanı soruşur. "Avara"nın özü olduğunu demək istəməyən Hacınski cavab verir:
- Avara bir saatdan sonra gələcək, nə qulluğunuz varsa buyurunuz deyərəm
- Mən istəyirdim görüm bu necə adamdır, doğrudan da, avaradır yoxsa kefinə düşüb belə təxəllüs seçib?
- Bizim kimi adamdır, ancaq avara deyil, əhliruh bir adamdır
- Bəs onda, sən ALLAH ona de ki, yazıqdır, adını dəyişdirsin. Bizim Şiravdan biri var idi, adını "Məhrum" qoymuşdu. Biçarə, övlad tərəfdən məhrum oldu. Bizim "Avara"mız da qiyamətəcən avara qalar yoxsa
Hacınski gülüb, "Avara"nın özü olduğunu deyəndə, Sabir gülümsəyir:
- Demək sözü üzə demişəm, arxasınca danışmamışam
***
Sabir Tiflisdə xəstə yatarkən həkimlər ona qarnını araqla sürtməyi tapşırmışdılar. Bir dəfə şəfqət bacısı onun qarnına araq çəkərkən, şair özünəməxsus zarafatyana tərzdə deyir:
- Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm
***
Sabir Tiflisdə olarkən həkimlərə şairin qara ciyər xəstəliyini dürüst təyin etməkdən ötrü bu qərara gəlirlər ki, cərrahiyyə əməliyyatı aparsınlar. Sabir etiraz edib, zarafatyana deyir:
- Mənim qarnım sandıq deyil ki, açıb içinə baxıb, sonra örtəsiniz
***
"Məlumat" qəzetinin naşiri Hacı İbrahim Qasımov Sabirin Bakıya müalicəyə gəldiyini eşidib "İslamiyyə" mehmanxanasına onun görüşünə gedir. Xeyli söhbətdən sonra şairə deyir:
- Sizin şübhəsiz, maddi vəziyyətiniz ağırdır. Əgər icazə versəydiniz, nəşr etməkdə olduğum "Məlumat" qəzetində sizin nəfinizə bir ianə siyahısı açım.
Sabir gülümsəyir və dərin bir qüssə içində deyir:
- Hacı, siyahı açmağa qətiyyən müsaidə etmirəm. Onsuz da son günlərimi keçirirəm. Amma qəzetdə yazarsan: Sabir deyir ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım...
***
Sabir Tiflisdə "Molla Nəsrəddin" jurnalı redaksiyasında Məmmədəli Sidqi ilə bir otaqda olurmuş. Gecələrin birində Sidqi gec gəlmiş, Sabir isə yorğun olduğu üçün tez yatmalı olur. O, yatağa keçməzdən əvvəl Sidqinin xörəyini hazırlayıb mizin üstünə qoymuş, üstəlik də böyük vərəqdə iri hərflərlə yazır:
Bu kabab, bu lavaş
Ye yavaş-yavaş
***
Sabirdən soruşurlar:
- Mirzə, siz böyüksünüz yoxsa Abbas Səhhət?
- Başda o böyükdür, yaşda mən
- Səhhət dərin savadlıdırmı?
- Mən onun şagirdiyəm, o, mənə ustaddır
***
1911-ci ilin yanvarında Sabir Bakıda idi. Günü-gündən artan ağrılar ona yaman əziyyət verirdi. Şair tez-tez həkimlərə müraciət edirdi, amma onlar öz acizliklərini büruzə vermir, gündə bir bəhanə ilə onu aldadırdılar. Bir gün o, köhnə dostu Ə. Haqverdiyevə yeni yazdığı bir şeiri təqdim edir və deyir:
-Xəbərin varmı, əzrail təbiblərin əlindən istefaya çıxıb?
Haqverdiyev şeiri oxuyub deyir:
- Çox doğru qeyd etmisiniz, mirzə, Molla əmiyə göndər.
"Əzrailin istefası" adlanan həmin şeir azca sonra "Molla Nəsrəddin"də çap olunur.