İnsanın belini nə əyir

Son güncelleme:
  • Boyun ve bel saqliqi

    noimage

    Hazırda radikulit geniş yayıldığına görə bu xəstəliklə bağlı məlumatınız olsun istədik...



    Radikulit gedişinə görə kəskin və xroniki olur.

    Boyun radikuliti zamanı ağrılar daha çox ənsə və boyun nahiyələrində lokallaşır, başı çevirdikdə və öskürərkən kəskinləşir. Orqanizmin reflektor qoruyucu reaksiyaları işə düşür - xəstə başını azca arxaya əyməklə saxlayır. Osteoxondroz, spondilyoz fonunda yaranan radikulitdə ağrılar baş gicəllənməsi, eşitmənin pozulması, səndirləmə kimi əlamətlərlə müşayiət olunur. Bu əlamətlər beyinqan dövranının pozulmasından xəbər verir.

    Boyun-çiyin radikulitində atıcı xarakterli intensiv ağrılar əsasən boyun, çiyin qurşağı nahiyəsində olur, qollara ötürülür, əlləri hərəkət etdirdikdə, öskürdükdə, başı çeverdikdə ağrı güclənir.

    Döş radikuliti, xüsusən də orta və aşağı döş kötükcüklərinin zədələnməsi zamanı qabırğaarası sinirlərin gedişi boyunca yaranan ağrılar hərəkət və dərindən nəfəsalma zamanı kəskinləşir.

    Bel-oma radikuliti daha çox rast gəlinən formadır. Xəstəlik daha çox fəqərəarası disklərdə, bağlarda, oynaqlarda gedən degenerativ proseslər (osteoxondroz, disk yırtığı və s.) fonunda yaranır. Xroniki gedişli olur və tez-tez residiv verir. Ağrılar müxtəlif xarakter daşıyır, bel-oma nahiyəsində, oturaq siniri boyunca yayılır və yeriyərkən, əyilərkən güclənir.

    Sinir kötüklərinin sıxılmasına səbəb olan faktordan asılı olaraq ağrının intensivliyi dəyişir. Kötüklərin sümük törəmələr, fəqərəarası disklər və başqa bərk törəmələr tərəfindən sıxılması daha güclü ağrılara səbəb olur, əzələ və bağlar isə daha yüngül ağrılar əmələ gəlir.



    Radikulitin müalicəsində xalq təbabətinin məsləhətləri



    Mumiya ilə müalicə:



    I üsul: 2 qram mumiya 2 qram balla qarışdırılır. Alınan məlhəm ağrıyan nahiyələrə isidici islatma qoyulduqdan sonra çəkilir. Müalicə müddəti 6-7 gündür.

    II üsul: 1 qram mumiya 3,5 qram kükürdlə qarışdırılır. Məlhəm gündə 1-2 dəfə ağrılı nahiyələrə çəkilir. Müalicə müddəti 7-9 gündür.



    Dərman bitkiləri ilə yerli müalicə



    Sürtmə üçün atpıtrağı cövhəri:

    2 xörək qaşığı atpıtrağı kökləri xırdalanır, şüşə qaba yerləşdirilir və üzərinə 500 ml 40%-li spirt tökülür. 6-7 gün müddətində sərin və qaranlıq yerdə saxlanıldıqdan sonra 2-3 qat tənzifdən süzülür. Alınan cövhər gündə 2-3 dəfə ağrıyan nahiyələrə sürtülür. Müalicənin müddəti 10-15 gündür.



    Kompres üçün I yığıntı:

    Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri, mayasarmaşığı qozaları, xəşənbül otu və qara gəndalaş meyvələri xırdalanır, qarışdırırlır və yığıntıdan 4 xörək qaşığı götürülərək üzərinə 500 ml qaynar su əlavə olunur. Vam oda qoyulur və qaynamağa başladıqdan sonra 10 dəqiqə qaynadılır. 2-3 qat tənzifdən süzüldükdən sonra xəstə nahiyələrə islatma edilir. Prosedur gündə 2-3 dəfə 8-9 gün müddətində təkrarlanır.



    Kompres üçün yağlı qarışıq:

    Hərəsindən 1 xörək qaşığı gənəgərçək yağı, yod və naşatır spirti götürülür və komponentlər yaxşı-yaxşı qarışdırılır. Tənzif parçası qarışıqda isladılaraq bədənin ağrılı hissələrinə kompres qoyulur. Prosedur 8-10 gün müddətində aparılır.



    Qara turp islatması:

    1 ədəd qara turp sürtgəcdən keçirilir, tənzifin üzərinə qoyulur və gündə 1-2 dəfə ağrıyan nahiyələrə qoyulur. Müalicə müddəti 10-12 gündür.



    Ballı-yumurtalı məlhəm:

    2 xörək qaşığı bal 4 yumurtanın sarısı və 1 çay qaşığı xörək duzu ilə qarışdırılır. alınan məlhəm xəstə yerlərə çəkilir və gecə saxlanılır. Səhər ilıq su ilə yuyulur. Prosedur 7-9 gün müddətində təkrarlanır.



    Aloye-bal qarışığı:

    150 qr bal, 70 ml aloye şirəsi və 200 ml 40%-li spirt qarışdırılır. Məlhəm 7-9 gün müddətində hər gecə bədənin ağrıyan yerlərinə çəkilir, səhər yuyulur.



    Radikulit zamanı daxilə təyin olunan dərman bitkiləri



    Gicitkən dəmləməsi:

    1 xörək qaşığı quru gicitkən yarpaqları 250 ml qaynar suda 2-3 saat dəmlənir, 2-3 qat tənzifdən süzülür. Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.


    Qarabaşaq bişirməsi:

    2 xörək qaşığı qarabaşaq köklərinin üzərinə 1 litr qaynar su əlavə olunur, ocağa qoyularaq qayanama dərəcəsinə çatdırılır. 10-12 dəqiqə qaynadıldıqdan sonra tənzifdən süzülür. Gündə 4-5 dəfə ilıq şəkildə 1/2 stəkan qəbul edilir.


    Şabalıd meyvələrindən təpitmə:

    3 xörək qaşığı xırdalanmış şabalıd meyvələri toz halına salınır, üzərinə 70 ml kamfora yağı əlavə olunur. Alınan qarışıq bir dilim arpa çörəyinin üzərinə çəkilir və ağrıyan nayihələrə qoyulur.


    Yağla müalicə:

    Radikulitin müalicəsində yayındırıcı və ağrıkəsici vasitə kimi evkalipt yağı istifadə olunur.



    Minerallarla müalicə:

    Radikulitin müalicəsi məqsədilə yarımqiymətli daşlardan lazuritin taxılması məsləhətdir.


    Müəllif: Aynur_Qurbanqizi
0 0 0