Həzrəti Əli (ə) buyurur: "Heyva yeyənin ürəyi güclü, mədəsi ətirli, özü zəkalı və qorxmaz olar"
Heyvanın meyvələri, yarpağı və toxumları hələ qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdu. Bir çox ölkələrin xalq təbibləri onun həlimini qida yolunun fəaliyyətinin yaxşılaşdırılması üçün mədə bağırsaq xəstəliklərinin müalicəsi zamanı istifadə ediblər.
Heyva şirələri ürək döyünməsi, qan azlığı və sarılıq zamanı xeyirli təsir göstərir.
Heyva soyuqdəyməyə qarşı da yaxşı müalicə vasitəsidir. Heyvanın yarpaqlarının dəmləməsi bronxial astmada çox gözəl müalicəvi təsir göstərir. Heyvanın toxumları soyuqdəymələrdən baş verən tənəffüs yollarının iltihabında, bronxitlərdə, sinəyumşaldıcı, iltihabı götürücü maddə kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində qəbul edilir. Həm də mədə xorasına qarşı antibakterial və antiseptik xüsusiyyətə malikdir.
Qeyd edək ki, heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr var: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular (alma, limon turşuları), karotin və C vitaminləri, aşı maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar.
Heyva toxumlarında isə 14 - 18 % selikli maddələr, 16 - 20 % piyli yağ, 1- 2 % qatran və çoxlu miqdarda zülal var.
Xalq təbabətində heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətverici kimi və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir.
Təzə meyvələr vərəm və bronxial astma xəstəliyi üçün faydalıdır.
Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini sakitləşdirir, ümumi zəifliyi aradan qaldırır
Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir.
Toxum həlimi həm də yaxşı kosmetik vasitədir. O, dərini yumşaldır, möhkəmliyini təmin edir, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir.
Heyvanın ətri çox ürəkaçandır. O, əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Peyğəmbər (s) buyurur: "Heyva yeyin və başqalarına hədiyyə edin. Ona görə ki, gözü işıqlandırır, məhəbbəti qəlbə daxil edir və onu hamilə qadınlar yedikdə, uşaq gözəl olur".