Bir İstanbul Gecəsi

Son güncelleme: 23.10.2010 11:51
  • Bir İstanbul Gecəsi seir

    noimage

    Bir İstanbul gecəsi,

    mən və sənsizlik.

    Ay, ulduzlar,

    tənhalıq və səssizlik.

    Tək başına, yoxluğunla

    Hey dalıram keçmişə,

    üşüyürəm.

    Qəlbimdəki qıvılcımla isinirəm.

    Düşünürəm

    Başlanğıcı, sonumuzu.

    Keçdiyimiz yolumuzu.

    İlk görüş, ilk baxış

    Qəlb səhrama ilk yağış

    Yağdıran da sən oldun.

    O yağışın ardından ildırımlar

    Çaxdıran da sən oldun.



    Hey düşündüm sənsənmi

    Qəlbimdəki o qıfılın açarı ?

    Görən təkcə mənəmmi

    Belə eşqin düçarı ?



    Soruşuram göyə, yerə

    Soruşuram hər şeyə.

    Sevgimi bu ?

    Yoxsa xəfif bir qıvılcım ?

    Yoxsa bir şam işığı ?

    Uzaqlar küləyə bənzər.

    Əsəcəkmi görəsən ?

    Əsib ümidimi

    kəsəcəkmi görəsən ?

    Kiçik bir uğultuda

    o şam işığı sönəcək ?

    Yoxsa o qıvılcım

    alovamı dönəcək ?



    Yeni bir səhifə açdım,

    Cızma qara ömrümdə.

    Təklik bezdirir məni

    Hər tək keçən günümdə.



    Darıxırdım kim üçün ? Nə üçün ?

    Bilmirdim niyə ?

    Səni gördüyüm o an

    məni böldü ikiyə.



    Qəlbim çox istəyirdi,

    ağlım qarşı çıxırdı.

    İkisi bir birinə

    suallarla baxırdı.



    Ey biçarə ürəyim, ey qapısı bağlım.

    Sonunda sən də sevdin,

    dəli kimi bağlandın.

    Aldın onu içəri,

    alovuyla dağlandın.

    Bəs sənlə danışmışdıq,

    razılığa gəlmişdik ?



    O möhürlü qapını

    bir də açmayacaqdın.



    Məni bu amansız

    oda atmayacaqdın.



    Sən seçimini etdin,

    ağıla savaş açdın.

    Məni onla tək qoyub,

    de görüm hara qaçdın ?

    Gördüyüm, eşitdiyim,

    bəlkə də hiss etdiyim.

    Hər şey bir ağızdan

    ağlımın lehinəydi.

    Yenə qırıq ürəyim,

    məğlub boynunu əydi.



    Könlüm uzaqlarda səndən nigaran

    Aradakı dağlar, çaylar neyləsin ?

    Qəlbimi qoparıb sənə yollaram

    Sənə, səni necə sevdiyimi söyləsin.



    Deyə bir bənd iki dodaq arasından,

    çıxmaq istərdi səssiz.

    Artıq sevgi qalmayıb,

    ürək susur həvəssiz.



    Ürək artıq soyuyub, inam itib hər şeyə

    Gözlər atıq o gözləri aramır.

    Duyğularım ucsuz, sonsuz bir tıxacdadır.

    İndi artıq işıqfor da yaramır.



    Ey başlamadan qəmli bitən məhəbbətim.

    Üzgün üzgün gözdən itən məhəbbətim.

    Yaralı bir quş tək ovucumda oturub

    Ürkək ürkək hey üzümə baxırsan.

    Yuxusuz gözündəki gücsüz gülüşlə

    Sanki qəlb yarama məlhəm yaxırsan.



    Üzülmə, bir gün gələr

    sən də gülərsən.

    Ürək qalib gələr,

    sən də bilərsən.



    Bir sevgi xatirəsi yaşandı, bitdi.

    Bu acı royaya səni qərq etdi.

    Gəl çəkinmə, dərdini bölüş mənlə.

    Hər şeyi unut getsin, səssizcə gülüş mənlə.



    İstədim mahnı yazım, yada onun sözlərin

    Ya da sadəcə qəzəl.

    Bir mən bilim, bir o bilsin,

    ya da qoy qalsın özəl.

    Ən yaxşısı şerdi deyib

    başladım hey yazmağa

    İtmiş ilham pərimin

    tilsimini pozmağa.



    Bir Bakı gecəsi,

    mən və sənsizlik

    Ay, ulduzlar,

    tənhalıq və səssizlik



    Məkanlar dəyişsə də

    heç təklik də dəyişmir.

    Necə xoşbəxtsənsə,

    o xoşbəxtlik də dəyişmir.



    Bir gün tapacaq bizi

    qafiyəsiz xoşbəxtlik.

    Üzaq olsun könlümdən,

    səviyyəsiz xoşbəxtlik.



    Artıq günəş çıxıbdır,mən isə hələ oyaq.

    Bəlkə bu şerə burada da son qoyaq ?

    Ay günəş oldu, onla bitişdi

    Bu son üç nöqtənin, vaxtı yetişdi...
    Müəllif: emiliya23
#23.10.2010 11:51 0 0 0