Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların 2009-cu il dekabrın 1-dən 2010-cu il noyabrın 29-dək olan reytinq siyahısını açıqlayıb.
Lent.az-ın məlumatına görə, Azərbaycanın siyahıdakı yeganə təmsilçisi "Qarabağ" ötən ayla müqayisədə 35 pillə geriləyib.
Hazırda 78 xala malik Ağdam komandası "River Pleyt" (Argentina), "Atletiko Qoyanyense" (Braziliya), "Loryan" (Fransa), "Arsenal" (Sarandi, Argentina) və "Espanyol" (İspaniya) klubları ilə birgə 271-ci pilləni bölüşür.
Siyahıya isə artıq "Barselona" (İspaniya) başçılıq edir. Kataloniya təmsilçisi İspaniya çempionatının ötən turunda "Real" üzərində qazandığı 5:0 hesablı qələbə sayəsində liderliyə yüksəlib.
Hazırda 301 xala malik "Barsa" 297 xalı olan İtaliya "İnter"ini qabaqlayır. "Bavariya" (Almaniya) 264 xalla 3-cü pillədə qalıb. "Real" isə 1 pillə geriləyib və 222 xalla 9-cu yerdə qərarlaşıb.