ABŞ-ın "Hershey" şirkətindəki tədqiqat mərkəzinin alimləri bu qənaətə gəlib ki, qara şokolad və kakao tozu orqanizm üçün faydalı antioksidantların mövcudluğu baxımından bir çox meyvə şirəsini üstələyir.
Lent.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazır. Tədqiqat aparan alimlər orqanizmin nar, quşüzümü, mərsin, asai adlı Cənubi Amerika palmasının meyvələrindən alınan şirələriylə yanaşı, kakao ağacının meyvələrindən alınan kakao tozu və qara şokoladı orqanizmin hüceyrələrinə dağıdıcı təsir göstərən oksidləşmə prosesini dayandıra bilməsi baxımından yoxlayıblar.
Alimlər həmin meyvələrin tərkibində flavanoidlərin, polifenolların miqdarını ölçərək, antioksidantların ümumi aktivliyini də araşdırıblar. Tədqiqat nəticəsində alimlər bu qənaətə gəlib ki, antioksidantların bolluğu baxımından kakao tozu birinci yerdədir. Qara şokoladda da bu maddələr meyvə şirələrindən çox çıxıb.
Lakin isti şokoladda bu aktiv maddələr daha az olur. Çünki hazırlama prosesində məhsulun məruz qaldığı temperatur onda qələviləşməni artırır. Bundan əvvəlki tədqiqatlar isbatlayırdı ki, məhdud dozada ( gündə 5-7 qrama yaxın) qara şokoladdan istifadə etmək ürək və qan-damar xəstəliklərinə məruz qalma riskini 30 faiz azaldır. Lakin şokolad məhsullarında şəkərin yüksək konsentrasiyasını nəzərə alan pəhriz mütəxəssisləri bu qidadan yalnız qaba düyü, tərəvəz və meyvənin bol olduğu yemək rasionunun tərkibində istifadə etməyi məsləhət görürlər.