Aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AYNAya verilən bilgiyə görə, tamaşada Azərbaycanın balet ustaları ilə yanaşı əsas partiyaları ifa etmək üçün Belarus Milli Akademik Opera və Balet Teatrının solistləri - balet ulduzları Olqa Qayko və Oleq Yeromkin dəvət olunublar. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Olqa Qayko bir sıra mötəbər balet müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibidir. Böyük Britaniya, Almaniya, Yaponiya, İsveçrə, İtaliya, Hollandiya kimi ölkələrdə uğurlu qastrol səfərlərində olub. "Qu gölü" baletinin tamaşasında o, Odetta-Odilliya rolunu ifa edəcək. Onun tərəf-müqabili Şahzadə Ziqfrid partiyasının ifaçısı Oleq Yeromkin də balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatıdır.