Fəsil dəyişikliyi ilə əlaqədar olaraq orqanizmdə müəyyən dəyişikliklər olur, bu, bəzən xəstəliklərə səbəb olur. Bu dəyişikliklərdən ən vacibi isə vitamin çatışmamazlığıdır. Bu problemi aradan qaldırmaq üçün ən əsas amil orqanizmin vitamin qəbul etməsidir. Aprel eyında ultra günəş şüaları aktiv olduğundan mütləq qoruyucu kremlərdən istifadə edilməlidir. İsti havada günəşin təsirindən dəri daha çox yağ ifraz edir. Əsasən də quru dərili insanlar digər dəri tiplərindən fərqli olaraq dərilərinə ciddi yanaşmalıdırlar.
Səpkilərdən ehtiyatlı olun
Aprel ayında insanları daha çox narahat edən problemlədən biri də səpkilərdir. Səpkilər müxtəlif tipdə ola bilər. Ən çox rast gəlinən səpkilər civzələrdir. Civzə dəri altında yaranan iltihablı yaradır. Belə halda mütləq kosmetoloqa müraciət etmək lazımdır. Çünki vaxtında belə səpkiləri müalicə etmədikdə ciddi problemlər, məsələn, dəridə qara ləkələrin qalması və bu kimi fəsadlar ola bilər. Dəridəki bu qüsurların müalicəsi vaxtında və fəsadsız mümkündür.
"Bahar yorğunluğu"
Fəsil dəyişikliyi zamanı yaranan əsas problemlərdən biri də "Bahar yorğunlu"dur. Xəstəliyi olmayan bir insan fəsil dəyişikliyi vaxtı halsızlıq, yorğunluq kimi hisslər yaşayırsa, bu, "Bahar yorğunluğu"dur. Bu xəstəliyin digər əlamətləri olaraq yuxu rejiminin pozulması, bədəndə ağrılar, iştahanın pozulması, bir işə həvəssiz yanaşma və s. göstərilir.
Psixoloji təsir
Fəsil dəyişikliyi fizioloji problemlərlə yanaşı, psixoloji problemlər də yaradır. Bununla bağlı açıqlama verən psixoloq Azad İsazadə belə problemlərin daha çox mart ayında yaşandığını, lakin apreldə də belə problemlərdən qorunmaq lazım olduğunu bildirib: "Nevroz və s. psixoloji problemi olan insanlarda fəsil dəyişikliyi özünü daha çox göstərə bilər. Həmçinin xroniki problemi olan insanlara məsləhət görülür ki, bu aylarda özlərini qorusunlar. Bu problemlər adətən mart ayında özünü daha çox göstərir, apreldə isə yavaş-yavaş səngiməyə başlayır, lakin insanlar özlərini bu ayda da qorumalıdırlar".