Hindistanın ən məşhur cütlüyü - Bollivud gözəli, aktrisa Ayshwarya Rai və aktyor Abişen Baççanın ilk uşaqları dünyaya gələcək. 1994-cü ilin dünya gözəli olan 37 yaşlı aktrisa tezliklə ana olacaq.
Bu haqda aktrisanın qayınatası, tanınmış hind aktyoru Amitabh Baççan özünün "Twitter" səhifəsində yazıb: "Tezliklə baba olacağam. Ayshwarya hamilədir. Mən həm sevincli, həm də həyəcanlıyam!".
Ayshwarya Rai və aktyor Abişen Baççan hələ ki bu barədə şərh vermək istəmirlər."Hindustan Times" qəzetinin yazdığına görə, Ayshwaryanın dünyaya gətirəcəyi körpə Bollivudun ən çox gözlənilən uşağıdır. Hindistanda Ayshwaryanın hamiləliyi barədə xəbərlər aktrisa ərə getdiyi gündən yayılır. 2010-cu ildə isə yerli mətbuat aktrisanın sağlamlığında problem olduğunu və sonsuzluqdan
müalicə olunduğunu yazmışdı.
"Hindustan Times" hamiləliyin təxmini müddətini öyrənmək üçün hətta bir neçə ekspertlə sorğu da keçirib. Eksperlərin rəyinə əsasən, Ayshwarya Rai hamiləliyin 3-4 aylığındadır və körpə aktrisanın öz ad günündə-1 noyabrda doğula bilər.
Xatırladaq ki, 1973-cü ildə noyabrın 1-də Hindistanın Manqalorda şəhərində donanma zabiti və yazıçı ailəsində anadan olan Ayshwarya Rai 2007-ci ilin aprelində Amitabh Baççanın oğlu Abişen Baççanla ailə həyatı qurub.