Qədim dövrdən qiymətli daş-qaş bəşəriyyətə var-dövlət və bəzək əşyası kimi tanınmışdır. Qadınlarımız daş-qaşlardan çox müxtəlif bər-bəzək əşyaları düzəltdirmişlər. Belə olan halda onun digər xüsusiyyətləri diqqəti cəlb etməmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini və b. daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabəti biliciləri daş-qaşlardan müalicə məqsədli istifadəyə başladılar. Məsələn, müsəlman aləmində daha çox məşhur olan firuzə insanlara qələbə, xoş əhval-ruhiyyə bəxş edən gözəl görkəmli bir daş kimi şöhrət tapmışdır. Xalq təbibləri belə hesab edirlər ki, firuzəyə baxanda göz işıqlanır. Bu cəhəti nəzərə alaraq göz dərmanları hazırlanarkən firuzədən istifadə etmişlər.


