Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, II qrup üzrə ərizə verən 26397 abituriyent 600-dən yuxarısı imtahana gəlməyib. Onun sözlərinə görə, 50-dən artıq abituriyent imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.
İmtahanın respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada aparıldığını deyən E.Nağızadə vurğulayıb ki, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb: "İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb. İmtahanda istifadə olunan sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.İmtahan nəticələrinin sabah açıqlanması nəzərdə tutulur".