Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Allahın salavatı və salamı Qiyamət gününədək Onun yolunu gedənlərin üzərinə olsun.
Müsəlman bacı və qardaşlar! Allahdan haqqı ilə qorxun, çünki təqva yaxşıların azuqəsi, xeyirli insanların sərmayəsidir. Müsəlmanlara xüsusi, şərəfli və dəyərli olan uca bir ay gəlir. Allah Quranı bu ayda endirmiş, bu ayda oruc tutmağı fərz qılmışdır.
Bu ay gecə namazı qılmaq və Quran oxumaq ayıdır, bağışlanma zamanıdır, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər ard-arda gəlir və bərəkət hər yeri bürüyür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Sizə Ramazan gəldi. O mübarək bir aydır. Allah bu ayda sizə oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları isə bağlanır və azğın şeytanlar isə zəncirlə bağlanır. Bu ayda min aydan daha xeyirli bir gecə vardır. Həqiqi məhrum olanlar da bu gecənin xeyrindən məhrum olanlardır." (Nəsai)
Ayların ən şərəflisini və Allah qatında ən dəyərlisini Uca Allah, ibadət və itaət növləri ilə yarışdığı bir meydan etmişdir. Ramazan ayı nəfislərin təmizlənməsi, qardaşlıq bağlarını bir-birindən qopardan kin-küdurətdən uzaqlaşmaq üçün bir fürsətdir. Günahlarla Ramazanı qarşılayan, ata-anasına pislik edən, onlarla kobud davranan, qohumları ilə əlaqəni kəsən, qardaşından küsən, danışanda qeybət edən insan Ramazandan necə faydalana bilər?! Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Pis sözləri və pis əməlləri tərk etməyənin yeməyi və içməyi tərk etməsinə Allahən ehtiyacı yoxdur." (Buxari)
Orucun ən yüngül tərəfi yemək və içməyi tərk etməkdir. Keçmiş alimlər oruc tutduqlarında məscidlərdə otururdular, bunun səbəbini soruşanda belə deyirlər: "Orucumuzu qoruyuruq". Bu ayda Rəblərinə ibadətdə ciddi olanlar məscidlərə möhkəm sarılar, camaatla birlikdə gecə və gündüz namazları qılar, qonşularına, qohumlarına, ehtiyacı olanlara imkanları daxilində yardım edər, iftar verərdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Bir orucluya iftar verən oruc tutmuş kimi savab qazanır." (Tirmizi)
Bu ayda müsəlmanlar məscidlərdə etiqafa girirlər. Etiqaf Ramazanın son 10 günündə daha fəzilətlidir. Həmçinin bu ayda Umrə edirlər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Ramazanda edilən umrə Həccə bərabərdir." Başqa bir rəvayətdə: "mənimlə Həcc etməyə bərabərdir." Həmçinin, zikri və duanı da çoxaldırlar, xüsusi ilə də iftar vaxtı dua daha fəzilətlidir. Çünki bu vaxt oruc tutanın etdiyi dua geri çevrilməyən dualardandır. Həmçinin, gecənin üçdə birində Uca Allah dünya səmasına enərək qullarına belə buyurur: "Kim mənə dua etsə duasını qəbul edərəm, kim məndən isdəsə ona verərəm."
Insanın öz nəfsini islah etdikdən sonra edəcəyi ən fəzilətli əməllərdən biri də başqalarını islah etməsidir, başqalarını Allahın dininə dəvət etməsidir, insanların hidayətə qovuşması üçün çalışmasıdır, əxlaqda və əməllərdə naqislik olanların düzəldilməsi üçün səy göstərməsidir. Uca Allah buyurur: "Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam" deyən kəsdən daha gözəl danışan kim ola bilər?" (Fussilət, 33) Dəvət sahəsi geniş bir sahədir. Səmimi nəsihətdir, doğru bir sözdür, elm və əməl, təqva, əxlaq baxımından çox şaxəlidir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: "Bir xeyir işə səbəb olan onu etmiş kimi savab qazanır." Başqa bir hədisdə "Bir nəfərin sənin vasitənlə hidayətə qovuşması dünya və içindəki hər şeydən xeyirlidir" deyə buyurmuşdur. Hədisi Muslim rəvayət etmişdir. Doğruluq və hidayətə yüksəlmək üçün səmimiyyətlə Ramazanı malını haramdan təmizləyərək qarşıla! Haram mal dünyada və axirətdə bəlaya səbəb olur. Haram mal ilə birlikdə dua qəbul olunmaz, o duaya səma qapıları açılmaz. Bu işdə tələs, özünə yaxşıca bax, nəfsini və ailəni yoxla və hər haram maldan təmizlə. Allahın önündə səmimi bir qəlblə dur ki, Allah duanı eşitsin.