Müğənni Baloğlan Əşrəfovun müsahibəsi
"Mənim yaşadığım ömürdə ancaq belə günahlar ola bilər"
- Baloğlan müəllim, yaradıcılığınızda nə var, nə yox?
- Yaradıcılığım əvvəl də olduğu kimi davam edir, mahnılar, bəstələr Bu il Baba Vəziroğlunun "Çıx qatar yoluna" şeirinə mahnı bəstələdim. Tamaşaçıların, dinləyicilərin çox xoşuna gəlib. Bu mahnı telekanallarda, radio dalğalarında səslənib. Mənim fikrimcə, əsl müğənni hər zaman öz üzərində işləməlidir. Şükür Allaha, mənim də hələ bir az gücüm qalıb. Ürəyimdən keçənləri ildə bir-iki mahnı ilə də olsa, dinləyicilərimə çatdıra bilirəm.
İndi elə bir dövrdə yaşayırıq ki, kitab çıxarmaq həddən artıq asan bir məsələdir. Odur ki, kimin ağlına nə gəlir, onu da yazır. Şeiriyyat aləmindən bixəbər olanlar da yazır, xəbərdar olanlar da "Yazhayaz" dövrünü yaşayırıq. Mənə çoxlu şerlər, kitablar təqdim olunur. Baxanda görürəm ki, həmin şeirlərdə, kitablarda şeirdən əsər-əlamət yoxdur. Yaxşı ki, bir neçə korifey şairlərimizdən həyatda olanlar var. Mən onların şeirlərinə musiqi bəstələyirəm. Sonra da onların özü ilə görüşürəm.
Yəni indi mahnı bəstələməyi də yüngül janr kimi qəbul edirlər. Amma bizim mahnı bəstələyənlər bilmirlər ki, mahnı sözdən doğmalıdır. Söz nə qədər güclü olursa, musiqi də bir o qədər güclü olur. Mən demək olar ki, elə-belə, cızma qara edənlərin şeirlərinə önəm vermirəm. Ağzına gələni yazan insanları şair adlandırmıram. Mən şeirin bütün incəliklərini bilirəm. Özüm də yazıram ara-sıra. Amma şeir yazıram, cızma-qara yox.
- Şairlərdən narazısınız, bəs yeni müğənnilərdən necə?
- Belə deyək də, gözümü açandan belə görmüşəm ki, çox oxuyanlar gəlib-gedib. Xalqın yaddaşında qalanlar, xoş təsir bağışlayanlar bu günə kimi fəaliyyətlərini davam etdirirlər. Bu proses daim olub, gəliblər-gediblər. Göbələk kimi artsalar da, yaxşıları qalır, pisləri özləri aradan çıxır, yox olur. Bu səbəbdən mən nə narahat oluram, nə də fikirləşirəm. Xalqın beyni katalizatordur. Bəzən deyirlər ki, xalqın zövqü yoxdur, xalqın zövqü korlanıb. Boş sözlərdir. Xalq istədiyini daim yaddaşında saxlayır. Yeni müğənni istehsalının qarşısını dava-dalaşla almaq mümkün deyil. Vaxt gələcək onlar özləri aradan çıxacaq.
- Bir neçə il öncə ölümdən döndünüz
- Hər şey Allahın iradəsindən aslıdır, o insanı sağalda da, xəstələndirə də bilir. Həmin dövrdə milyonlarla insan əlini göyə qaldırıb mənim üçün dua edirdi. Mən sağalıb qayıdandan sonra "Yaşıl teatr" da konsert verdim, sonra Azərbaycanın rayonlarını gəzərək, konsert proqramları ilə çıxış etdim. Rayonlarda olarkən çox qəribə bir vəziyyətlə qarşılaşdım. Hansı rayonda oldumsa, insanlar gəlib deyirdilər ki, qurbanları var, kəsmək istəyirlər.
- Ölümü düşündüyünüz anlarda, heç etdiyiniz hansısa əmələ görə peşman olurdunuzmu?
- İnsan dünyaya səhvsiz, təmiz gəlir, amma yaşadığı ömür ərzində mütləq, səhvlərə yol verir, günahlara batır, çirkablara bulanır.
- Bəs sizin hansı günahlarınız var?
- Yox, mən o qədər də böyük günahlar işlətməmişəm, kiminsə çörəyinə bais olmamışam. Ola bilər ki, kiminsə toyuna getməmişəm, mənə görə arzusu ürəyində qalıb. Mənim yaşadığım ömürdə ancaq belə günahlar ola bilər. İnsanlara hər zaman yardımçı olmuşam, çətin ayaqda hər kəsə kömək etmişəm. Xəstə olanda, ölümü düşündüyüm anlarda övladlarımdan biri subay qalmışdı, düşünürdüm ki, kaş onun da toyunu görə biləydim.
Müəyyən yarımçıq işlərim vardı, düşünürdüm ki, kaş onları da tamamlaya biləydim. Bəlkə də, Azərbaycanda mənim qədər pul qazanan xanəndə olmayıb, amma qazandığım o qədər pulu havaya sovurmuşam. Məndən səviyyəcə aşağı olan insanlara, onların ev-eşiyinə baxanda düşünürəm ki, mən o qədər pulun içində heç nə edə bilmədim. Bu günə kimi çox səhv etmişəm, gec də olsa düzəltməliyəm.
- Sənətkarın şəxsi həyatında nə var, nə yox?
- İnsan ölənə qədər sevməlidir. Allah insanı elə yaradıb ki, o, həyatının hər bir vaxtında həyat eşqi, məhəbbət eşqi, övlad eşqi ilə yaşayır. İnsan orqanizmi elə yaradılıb ki, heç bir zaman heç nəyə "bəsdir" demir. Amma mən sənət adamıyam, hər zaman çalışıram ki, qazandığım adıma xələl gəlməsin.
Ay insafsız yenə nədir gileyin,
Azmı oxşamışam qara telini?
Qoy səndən mən küsüm, qoy mən inciyim
Hələ tutmamışam, incə əlini
- Kimə yazmısınız bu şeri?
- Heç, adi mahnı idi. Mahnıya yazılıb.
- Axı sevgisiz sevgiliyə şeir necə yazıla bilər? Yəni ömrünüzdə heç sevməmisiniz?
- Bu barədə 10 ildən sonra danışa bilərəm. Hələ tezdir. İndi yaradıcılıq işləri ilə məşğulam. Şeirlərim və mahnılarımla.
- Yaydır, istirahətinizi harada keçirirsiniz?
- Bəzi müğənnilər var ki, deyirlər nə bilim, mən yayı Antalyada keçirdim, Nikaraquada keçirdim. Yox, mənim boş vaxtım olan kimi Masallıya üz tuturam. Orada dincəlirəm. Ara-sıra Qubaya da gedirəm. Amma hələ ki, başım toylara qarışıb. Maşallah, o qədər toy var ki. Müğənninin istirahəti orucluq və məhərrəm aylarında olur.