Azərbaycan akademik avarçəkənləri avqustun 3-də Böyük Britaniyanın Eton şəhərində start götürən yeniyetmələr arasında dünya çempionatında mübarizəyə başlayıblar.
Lent.az-ın məlumatına görə, bu gün Boris Yotov 1 nəfərlik qayıqla, Qardaşxan Hüseynli - Kamal Xanlarov dueti 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə seçmə mərhələ yürüşündə iştirak ediblər. Finişə 8 dəqiqə 4,53 saniyəyə çatan Yotov yalnız yunanıstanlı Alexandros Dafnisdən 2,25 saniyə geri qalıb. Əvəzində o, argentinalı Aksel Haakı (8:05.49), estoniyalı Yuri-Mikk Udamı (8:18.06) və fransalı Bon-Marin Mulonu (8:23.66) geridə qoyub. Bununla da 16 yaşlı avarçəkənimiz ¼ finala vəsiqə qazanıb.
Hüseynli - Xanlarov dueti isə finişə 7 dəqiqə 42,95 saniyəyə çatıb. Onlar isveçrəli Barnabe Delarze - Roman Röösli, macarıstanlı Kornel Kaşak - Mark Biro (7:05.80), polşalı Miroslav Zietarski - Lukaş Çubak (7:06.19), belçikalı Robin Vanparis - Frederik Tison (7:16.75) cütlüklərindən geri qalıblar. Həmyerlilərimiz yalnız gürcüstanlı Arçil Bayaşvili - Levan Birkaya (8:01.64) duetini geridə qoya bilib. Hüseynli - Xanlarov dueti mübarizəni təsəlliverici yürüşdə davam etdirəcək.
Qeyd edək ki, dünya çempionatına avqustun 7-də yekun vurulacaq.