Keçmiş həyat yoldaşı Əlirza Surinin mətbuatda yayımlanan müraciətinin yalandan ibarət olduğunu deyən və müraciəti yayımlayan mətbuat orqanlarnıı qeyri-peşəkarlıqda ittiham edən müğənni Nuranın (Aynurə Qəzənfər qızı Kazımova) açıqlaması keçmiş ərinin etirazına səbəb olub.
Əlirza Surinin nümayəndəsi vəkili Telman Qasımov Lent.az-a açıqlamasında ittihamları cavablandırıb: "10 ildir, Nuranın keçmiş əri Əlirza Suri ilə işləyirik. 3 ay əvvəl mənə müraciət edərək çıxış yolu göstərməyimi istədi. O, keçmiş arvadının yəni Aynurə Kazımovanın onun soyadını daşımasından narazı olduğunu bildirdi. Məhz mən ona etirazını mətbuat vasitəsilə bildirməsini məsləhət gördüm".
Vəkil müdafiə etdiyi şəxsin müraciətinin faktlar əsasında hazırlandığını deyib: "Aynurə yazılanlarda nəyin yalan olduğunu desin. Müdafiə etdiyim şəxsin Aynurə Qəzənfər qızı Kazımova ilə bütün məhkəmə proseslərində iştirak etmişəm. Orada heç bir yalan yoxdur. Əksinə, Əlirza bəy daha kəskin ifadələr və daha böyük həcmli müraciət yaza bilərdi. Nura müraciətdə nəyin düz yazılmadığını desin. Bütün yazılanlar faktlara söykənir".