Əbul-Həsən adlı bir şəxs söyləyir ki, gözüm ağrayırdı; sonra ağardı, belə ki, heç bir şey görmürdüm. Yuxuda Həzrəti-Əli (ə) cənablarını gördüm və ona şikayətləndim. O Cənab (ə) buyurdu:“İnnabı əz, sürmə çəkən kimi onu gözlərinə çək”.
Mən o Cənabın (ə) buyurduğu kimi innabı öz tumu ilə birlikdə əzib, gözümə çəkim. Gözüm sağalıb əvvəlki kimi oldu.
QOVUN
Peyğəmbəri-Əkrəm (s) buyurub:
“Qovunu yeyin, ləzzət alın; onun suyu rəhmətdir, şirinliyi isə Behişt şirnisidir”.
O Cənab (s) qovunu şəkərlə və ya rütəb (təzə xurma) ilə tənavül edərdi.
İmam Cəfər Sadiq ələyhis-səlam buyurub:
“Qovunu yeyin; onda on xasiyyət cəm olub”; o, yerin yağı və şirəsidir; onda heç bir xəstəlik və dərd olmaz. O, təamdır, şərabdır, meyvədir, ətirdir, yuyucu maddədir, çörək qatığıdır, cinsi əlaqə qüvvəsini artırır, sidik yollarını yuyub təmizləyir və bövlü (sidiyi) artırır”.
Başqa bir hədisdə deyilir ki, qovun sidik kisəsində olan daşları əridir.
İmam Rza ələyhis-səlamdan rəvayət edirlər ki, buyurub:
“Ac qarına qovun yemək iflicliyə və ya qulunc xəstəliyinə səbəb olar”.
MƏVÜC (MƏVİZ)
Qurudulmuş üzüm bizlərdə məvüc və ya məviz adlanır, ərəblər isə ona zəbib deyirlər. Rəsuli-Əkrəm (s) buyurub:
“Kim hər gün ac qarına iyirmi bir ədəd qırmızı məvüc yesə, ölüm naxoşluğundan başqa heç bir xəstəliyə tutulmaz”.
Həzrəti-Əli ələyhis-səlam buyurub:
“Məvüc – ürəyi möhkəmləndirər, naxoşluqları aparar, nəfəsə xoş ətir verər”.
Başqa bir rəvayətdə deyilir ki, məvüc insanın qəmini aparar.
İYDƏ
İmam Rza (ə) –dan rəvayət olunur ki, Həzrəti-Əli ələyhis-səlam qızdırma (malyariya) xəstəliyindən yatırdı. Rəsuli-Əkrəm (s) buyurudu ki, iydə yesin.
İmam Cəfər Sadiq (ə) cənablarından rəvayət olunur ki, o Cənab (ə) buyurdu:
“İydənin əti –bədəndə ət bitirir, tumu-sümük yaradır, qabığı –dəri bitirir; bunlardan əlavə olaraq o, böyrəkləri qızdırır, mədəni dəbbağ edir, bəvasir və təqtir (babsil və podaqra) xəstəliklərindən qoruyur, ayaqlara qüvvət verir, Allah-təalanın iznilə cüzamı qovur”.