Azərbaycan Dövlət Filarmoniyasında böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himnin sözlərinin müəllifi Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 9 fevral tarixli Sərəncamına uyğun olaraq keçiriləcək tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimləri, KİV nümayəndələri iştirak edəcək.
Yubiley mərasiminin zəngin proqramı var. Belə ki, burada məşhur sənət adamları şair haqqında danışacaq, şeirlərdən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
Tədbir iyunun 5-i, saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb. Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb.1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.
Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyətdə könüllü əsgər kimi köməyə gedib, Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşub.
Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərib. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan şairin bu yöndə zəhməti misilsiz olub.
Əhməd Cavad haqsız olaraq həbs edilərək dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il repressiyalarının qurbanı olub.