“Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı bir həftəlik tədbirlər silsiləsi keçiriləcək.
Lent.az-ın məlumatına görə, tədbir iyunun 10-da R.Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənəcək. Milli Qurtuluş günü ilə bağlı keçirilən ədəbi-bədii gecədə İraq türkmanlarının (Kərkük) sənətçilərinin konserti də olacaq. “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşən proqram çərçivəsində keçiriləcək ən önəmli tədbirlərdən biri də “Azərbaycan – İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi” adlı elmi-praktik konfrans olacaq. Konfrans Atatürk Mərkəzində baş tutacaq. Qonaqların Qarabağa – Xocavənd rayonuna səfəri, qaçqın və məcburi köçkünlərlə görüş və böyük konsert proqramının düzənlənməsi də nəzərdə tutulub. Tovuza da səfər edəcək İraqlı soydaşlarımız hərbçilər qarşısında konsert verəcək, eləcə də rayonun mərkəzi meydanda geniş konsert proqramı ilə çıxış edəcəklər. Eyni zamanda qonaqlar Gəncədə hərbçilərlə də görüşəcək, musiqi qrupu isə konsert proqramı ilə çıxış edəcək. Qonaqların həmçinin Qubadakı “Soyqırım məzarlığı”nı ziyarət etməsi, İctimai TV-də canlı yayımda çıxış etmələri də planlaşdırılıb.
Birliyin sədri, millət vəkili Qənirə Paşayevanın verdiyi məlumata görə, İraq parlamentinin keçmiş üzvü, tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinə bir çox tanınmış türk mütəffəkirləri daxildir.