zərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Tacikistanda təqdim edəcəklər
“Qarabağ” triosu “Simfo-Muğam” layihəsini bu dəfə Tacikistanda həyata keçirəcək. Bu barədə Lent.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov məlumat verib.
O, bildirib ki, sözügedən layihə ilə əlaqədar musiqiçilərimiz iyunun 12-17-də Tacikistanda səfərdə olacaqlar. Konsertdə Mənsum İbrahimovu Tacikistan Dövlət simfonik orkestri və dar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək.
Mənsum İbrahimov bildirib ki, 15 iyun “Qurtuluş günü”nə həsr olunan konsertdə Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı və Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası səslənəcək.
Xalq artisti sözügedən layihənin Azərbaycan muğamının dünyada tanıdılmasında əvəzsiz rol oynadığını söyləyib: “ Bu cür əsərlər dünyada çox gözəl qəbul olunur. Ona görə də muğamın bu yolla təbliği uğurlu bir addımdır. Hər konsertdə 100 nəfərlik orkestr məni müşayiət edir. Mən də “Qarabağ şikəstəsi”ni oxuyuram. Bu çox gözəl təşəbbüsdür”.
Qeyd edək ki, 2007-ci ildən start verilən layihə ilk dəfə Bakıda keçirilib. Daha sonra isə Türkiyədə, Minskdə, Kiyevdə, Londonda, Almaniyada və Riqada konsert proqramı ilə çıxış ediblər. Konsertlərdin hər birində həmin ölkələrin 100 nəfərlik simfonik orkestrləri müşayiət edib.