Bir gün dostlardan biri dedi ki, uşaqla mağazaya girmək qəliz məsələdir. Əlini hər şeyə uzadır. Tutub əlindən sıxıram ki, bala, əl vurmaq olmaz. O isə əvəzində: "Onsuz da ağrıtmır tut bir də sıx" deyir. Bu kiçik səhnəyə sanki şahid olmuşam kimi dərin düşüncəyə daldım. Əslində o valideyn övladı üçün doğru olanı etdiyini düşünərkən, uşaq ona növbəti bir qadağanın qoyulduğunu hiss edir. Bu qadağaya olan nifrət onun sözün əksini etməsinə səbəb yaradır. Əgər o an uşağa niyə əl vurmamasını tələb etdiyinizin səbəbini göstərsəniz sonu anlayışla bitər. Baxın ən azından bunu demək olardı : - "Oğul, əlini vursan qırılar və satıcılar kimsəyə o qabları sata bilməzlər". Bu cümlə uşağın düşüncəsinə işləyər və əl uzadıb qurdalmqdansa sizin dediyinizin səbəbini düşünər.
İki günlük istirahət boyunca müxtəlif ailələrdə müxtəlif tərbiyyəyə şahid oldum. On dörd il sonra ana olmuş bir gəlinin uşağını necə döydüyünün şahidi oldum. Əvvəlcə kənardan valideynin haqlı olaraq vurduğunu görsəm də uşaqdan döyülməsinə səbəbi soruşanda rəngim ağardı. Uşaq anasına o qədər sual veribmiş ki, ana da hirslənib onu vurub. On dörd il Allaha gecə-gündüz yalvaran bu insanın balasına səbəbsiz yerə əl qaldırması xoş bir şey deyil.
Hər bir uşaq bol-bol sual verir. Bu onların dünyanı daha dəqiq kəşf etməsinə kömək olur. Elə uşaq var ki, içinə qapalı böyüyür.Gələcəkdə cəmiyyətdə özünün yerini tutmaqda çətinlik çəkir. Dost seçməkdə, kiməsə etibar etməkdə və ya ünsiyyət qurmaqda problem yaşayır. Uşağın içinə qapanmadan böyüməsi üçün sual verməsinə normal baxmaq lazımdır. O niyə qaçır, o niyə uçur, o niyə hoppnır və.s veriləcək hər bir suala cavab verilməlidir. Lakin uşaqlarınıza yalan cavab verməyin. Çünki onlar dünyanı biz böyüklərdən də doğru dərk edirlər. Eyni sualı dəfələrlə təkrar edib dəfələrlə soruşa bilərlər. Məsələn: Niyə yağış yağanda həyətə olmaz? Bu suala 20 dəfə olsa da doğru olan və onun da anlaya biləcəyi həqiqi səbəbi göstərməlisiz. Uşağa konkret olaraq qadağa qoyursuzsa, ona bu qadağaya səbəbi də göstərməlisiz.
"Ocağa əl vurmaq olmaz!" - qadağsına uşağın verəcəyi sual - "Niyə?".
Baxın deyəcəyiniz cavab məntiqli və uşağın dərk edə biləcəyi qədər tam həqiqi olmalıdır.
Hər ailədə uşağa verilən tərbiyə fərqlidir. Kimisi uşaq sözə baxan olsun deyə nələrləsə qorxudar, ya da möhkəm döyər. Halbuki uşaqlar zorrakılıqdan qorunmalı, sevgi və anlayış daxilində böyüdülməlidir. İlk doğulduğu anı göz qarşınıza gətirib o kiçicik varlığa əl qaldırdığınızı düşünsəniz yanlış etdiyinizi anlayarsız.
Saysız hesabsız qadağalarla deyil, səbəblərlə qarşısına çıxın. Uşaqlara bəhanələr gətirməyin, aldatmayın, yalan deməyin.