Rəsulumuz Həzrət Məhəmmədə (s) həsr etdiyim gözəl və müraciətdolu sözlər. İstədim sizinlə də bölüşüm...
Salam olsun sənə ey nəbi! Allahın rəhmət və bərəkəti sənə olsun! Bu sözlər ümmətinin hər namazda sənə ünvanladığı sözlərdir, ya rəsulullah! Bəs sən necə ümmətinin bu salamını alırmısan, onlara qarşılıq verirmisən ya rəsulullah? Yoxsa onları özündən bilmir, şəfaətə layiq görmürsən, ya rəsulullah?
Bəlkə axirət günü bizim üzümüzə baxmayıb, bizimlə danışmayacaqsan ya rəsulullah? Kövsərin yanında bizə "Əmanətlərimlə, Quran və Əhli-beytlə necə davrandınız ?" deyə soracaqmısan, ya rəsulullah? Evimizdə oxunmamaqdan toz tutan Quran dil açıb şikayətlənəndə, bizə nə deyəcəksən ya rəsulullah?
Bəs Əhli-beyt barəsində nə soracaqsan, ya rəsulullah? "Fatiməmi niyə üzdünüz, Həsənimə, Hüseynimə niyə zülm etdiniz?" deyə bizə sual dolu baxşılarınla baxacaqmısan, ya rəsulullah?
Namazlarımız barədə soracaqmısan, ya rəsulullah? Bəs nafilə namazları? Gecə namazından heç danışacaqmısan, ya rəsulullah? Televizorakı musiqi yarışmasına fikrimiz getdiyi üçün namazlarımızın qəzaya getdiyini öyrənəndə bizi danlayacaqmısan, ya rəsulullah?
Məzhəblərə, firqələrə bölündüyümüzü biləndə bizə nə deyəcəksən, ya rəsulullah? "Mən sizə bütöv bir din gətirdim, sizə Allahın ipindən yapışıb vahid bir ümmət olun demədimmi?" deyə soracaqmısan, ya rəsulullah? "Mənim dinimi nə hala salmısınız ey əhli müslim" deyə hayqıracaqmısan, ya rəsulullah? Bəs bir-birimizə "Kafir", "Müşrik", "Münafiq" kimi iyrənc adlar verdiyimizi eşidəndə nə deyəcəksən, ya rəsulullah?
Cihad barəsində nə deyəcəksən ya rəsulullah? Hər gün İraqda, Əfqanıstanda onlarla müsəlman qardaşımız qətlə yetirildiyi halda bizim kənara çəkildiyimizi biləndə nə edəcəksən, ya rəsulullah?
Yetimləri tək buraxdığımızı bildikdə nə deyəcəksən, ya rəsulullah? Uşaq evlərinə baş çəkməyi ağlımıza belə gətirmədiyimizi öyrənəndə bizə necə baxacaqsan, ya rəsulullah? "Axı sizə müttəqiliyin gündə 5 dəfə üzünü qibləyə çevirməkdən ibarət olmadığını söyləmişdim" deyə buyuracaqmısan, ya rəsulullah?
Küçədə aclıqdan huşunu itirən yoxsula, "Nə işimizə qalıb, yəqin ki, sərxoşluqdan yıxılıb" deyərək laqeyd yanaşdığımızı öyrənəndə nə buyuracaqsan, ya rəsulullah?
Rüşvəti "Çörək pulu" adıyla halal qılan ümmətinə nə söyləyəcəksən, ya rəsulullah? Bəs donuz qarışıqlı kolbasaları yedikdən sonra "Allaha şükür" deyən ümmətinə necə baxacaqsan, ya rəsulullah? "Mən sizə boğazınızdan haram loxma keçirməyin demədimmi?!" deyə soracaqmısan, ya rəsulullah?
"Hər cümə xütbələrə qulaq asdığınız, namaz qıldığınız məscidə nə köməklik göstərmisiniz?" deyə sorduğunda nə deyəcəkəyik, ya rəsulullah?
Qiyamət günü sənin yanına necə gələcəyik, ya rəsulullah? Üzünə necə baxacağıq? Sənə hesab vermək bu qədər çətinkən, Allaha necə hesab verəcəyik, ya rəsulullah? Bizi bağışlayacaqmısan, yoxsa "Mən sizi tanımıram, siz məndən deyilsiniz!" deyəcəkmisən, ya rəsulullah? Günahkar ümmətinə üz çevirib, onları göz yaşları içindəmi buraxacaqsan, ya rəsulullah? Allah bizi qiyamət günü rəsulullah (s) tərəfindən rədd edilməkdən qorusun!