ABŞ-da insan beynində ağır fəsadlar yaradan və əsas funksiyaların yerinə yetirilmə mexanizmlərini darmadağın edən qorxulu mutant virus sürətlə yayılır.
Yeni virusa ilk yoluxma halları Missisipi və Miçiqan ştatlarında qeydə alınıb.
Milli.Az Washington Post-a istinadən bildirir ki, yeni virus Qərbi Nil infeksiyasını xatırladır. Bu infeksiya 1999-cu ildən bəri hər il böyük epidemiyalara səbəb olur.
Qərbi Nil infeksiyası təki, yeni virusun ştammının da daşıyıcıları ağcaqanadlardır. Virus ağır xəstəliklərdən dolayı immuniteti zəifləmiş yaşlı insanlarla yanaşı, gənclərin də beynində fəsadlara səbəb olur.
Missisipi ştatındakı Cekson ştatındakı hospitalın infeksionisti Art Lüisin dediyinə görə, yeni virusa yoluxma halları gənc və sağlam amerikalılarda da qeydə alınıb.
"Bu virusun qarşısını almaq üçün təcili, təxirəsalınmaz tədbirlər görülməzsə, ABŞ-ı və başqa ölkələri son onilliklərin ən qorxulu, dəhşətli epidemiyası gözləyir. İlk dəfə olaraq virusun çox güclü olması və beynin üst təbəqələrində fəsadlar yaratmasını rentgenoloji yolla qeydə almışıq", - Lüis deyib.
Yeni virusa yoluxan pasiyentlər danışıq və rasional düşüncə qabiliyyətini itirir, sonra da iflic olurlar.
Professor Elizabet Anqus isə virusu Detroytda aşkarlayıb.
"Şoka düşmüşəm. Beyinin çox ağır disfunksiyası diaqnozu ilə gənc pasiyentlər gətirilir. Virusun davranışında nələr olacağını bilmirik", - Anqus deyib.