Sümük İliyi Nədir?

Son güncelleme: 30.11.2012 07:31
  • Sümük İliyi - Sümük İliyi Nədir?

    Sümük iliyi sümüklərin içində yerləşən yumşaq süngərəbənzər bir maddədir. O formalaşmamış hematopoetik kök hüceyrələrdən ibarətdir. Hematopoetik kök hüceyrələrdən ağ qan hüceyrələri (leykositlər- infeksiyaya qarşı mübarizə aparır), qırmızı qan hüceyrələri (eritrositlər - qandakı oksigeni daşıyır) və trombositlər (qanın laxtalanmasında iştirak edir) yaranir. Hematopoetik kök hüceyrələr əsasən sümük iliyində yerləşir, amma bəzən periferik qanda da rast gəlinə bilər. Göbək ciyəsində yerləşən qanda da hematopoetik qan hüceyrələri mövcuddur və hər bir mənbədən kök hüceyrələr toplamaq mümkündür.
    Ümumiyyətlə sümük iliyi və kök hüceyrə transplantasiyası nədir?

    Sümük iliyi və periferik qan kök hüceyrə transplantasiyasının əsas məqsədi öncədən verilmiş yüksək dozlu kimyəvi dərman müalicəsindən və ya radioterapiyadan sonra məhv olunmuş sümük iliyinin bərpa olunmasına kömək edilməsi və zədəli (xəstə) olan sümük iliyinin yenisi ilə əvəz olunmasıdır.
    Transplantasiyanın neçə növü var?

    Sümük iliyi və ya hematopoetik kök hüceyrə transplantasiyasının əsas 4 növü var:

    1. Autoloji transplantasiya - xəstəyə yüksək doz kimyəvi terapiyadan sonra toplanmış kök hüceyrələrin köçürülməsi .

    2. Allogen transplantasiya - xəstəyə donor adlanan başqa bir insandan sümük iliyinin köçürülməsinə deyilir . Əgər transplantasiya doğma bacı ,qardaş və ya valideynlərdən aparılırsa , bu halda " related " yəni qohum transplantasiyası , qohum olmayan, amma, toxuma uyğunluğu olan donor insandan aparılırsa "unrelated" transplantasiyası adı daşıyır.

    3.Singeneik - xəstəyə öz əkiz olan bacı və ya qardaşından kök hüceyrə köçürülməsi.

    4. Kord qanı - göbək ciyəsində olan kök hüceyrələrdən aparılan transplantasiya.

    Genetik olaraq tam uyğun bir donordan aparılan transplantasiya " full match " və tam uyğun olmayan bir donordan isə " miss match " transplantasiya deyilir.

    Yüksək dozlu kimyəvi terapiya və ya radioterapiya verdikdə, bədəndə olan tək şiş olan hüceyrələrlə yanaşı sağlam olan hüceyrələr də məhv olur.

    Sümük iliyi və hematopoetik kök hüceyrə transplantasiyası hansı xəstəliklərdə aparılır ?

    Bu müalicə növü əsasən hematoloji -onkoloji xəstəliklərdə aparılır, bunlardan limfomalar, leykemiyalar, mielom xəstəliyi, mielofibroz, mielodisplastik sindrom, talassemiya , oraq hüceyrəli anemiya , aplastik anemiya və digər xəstəlikləri qeyd etmək olar. Xəstəlik remissiyada olduğu halda transplantasiya daha effektivdir. Son illərdə tək hematoloji xəstəliklərdə yox , həm də digər şişlərdə aparılması mümkündür məsələn : testis və süd vəzi şişlərində.

    Xəstəyə donor necə seçilir?

    Bu sualı açıqlamadan öncə xüsusi müayinə metodu olan " HLA tipləndirmə " dən söz açmaq istədik. HLA (Human leykosit antigeni ) zülal kompleksidir, hər bir insanda özünə məxsusdur fərqlidir . Amma doğma olan insanlarda bu zülal komleksinin oxşar olma ehtimalı yüksəkdir. Və bu səbəbdən donorun axtarılması öncədən xəstənin bacı və qardaşından başlayır. Onlar xüsusi HLA tipləndirmə genetik müayinədən kecəndən sonra, uyğun olub olmadığı aşkarlanır.

    Bundan sonra donorun sağlamlığının yoxlanılması aparılır .

    Hematopoetik kök hüceyrələrin toplanması 3 mənbədən aparılır .

    A. Sümük iliyindən - bu prosedur cərrahi əməliyyat şəraitində aparılır . Xəstəyə yerli anesteziya aparılır və sümük iliyi toplanılır .Bu prosedurun donora heç bir zərəri yoxdur , sadəcə bir neçə gün ərzində toplama yerində bir qədər ağrı ola bilər .

    B. Periferik qandan aparılan toplama proseduru aferezis və ya leykoferezis adlanır. Prosedurdan 4-5 gün öncə donora kök hüceyrələrinin sümük iliyindən periferik qana keçməsi məqsədi ilə xüsusi dərman verilir . Kök hüceyrə toplaması əsasən ətraflarda olan yoğun damarlardan və ya venoz kateter vasitəsi ilə aparılır . Donorun qanı aferez aparatından keçərkən , lazımi kök hüceyrələr ayrılır və toplanır . Ayırmadan sonra donorun qanı özünə qaytarılır. Toplanmış kök hüceyrələr xüsusi prinsiplə dondurulur və saxlanılır. Bu prosedur ərzində xəstədə sümük ağrıları ,ümumi zəiflik, aşagı və yuxarı ətraflarda və dodaq ətrafı nahiyədə uyuşma hissi kimi şikayətlər yarana bilər.

    C. Kordon qanı - göbək ciyəsində olan qandan toplanır . Uşaq doğularkən onun göbək ciyəsində olan hüceyrələrdən də transplantasiya mümkündür. Göbək ciyəsindən olan qan toplanılır, dondurulur və uzun zaman saxlanılır.

    Sümük iliyi transplantasiyası vasitəsi ilə hematoloji xəstəliklərin bir qismində yüksək dozlu kimyəvi dərman müalicəsi aparılması mümkündür. Bu müalicə nəticəsində sümük iliyi məhv olur və o lazımi hüceyrələr istehsal edə bilmədiyi üçün, xəstəyə öncədən özündən alınmış sağlam kök hüceyrələri köçürməklə yenidən sümük iliyinin və hematopoezisin bərpa olunmasına nail olmaq mümkündür . Buna görə də , aşagı doz kimyəvi dərman müalicəsinin aparılması effektsiz olduğu halda yüksək dozalı terapiya və autoloji sümük iliyi transplantasiyası çox böyük əhəmiyyət daşıyır.

    Mərkəzi Klinikanın Terapiya mərkəzin müdiri, həkim-hematoloq, Onkologiya, Hematologiya və Sümük İliyi Transplantasiyası bölmələrinin rəhbəri

    Dr. Valeh Hüseynov
#30.11.2012 07:31 0 0 0