Susmaram!!! - Əhməd Cavad

Son güncelleme: 27.12.2012 06:45
  • Susmaram!!!

    Mən bir qulam, yük altında
    əzilmişəm, qardaşım,
    Sevinc bilməz bir məhkumam,
    ahu-zardır sirdaşım...

    Damğa vurub, zəncirləyib
    tullamışlar zindana,
    Qarlı-buzlu cəhənnəmlər
    məskən olmuşdur mana...

    Mənə «dinmə, sus!» - deyirsən,
    nə vaxtacan susacam?
    Böhranların, hicranların
    məhbəsində qalacam?!

    Niyə susum, danışmayım,
    insanlıqda payım var,
    Mənim ana Vətənimdir
    talan olan bu diyar?!

    Niyə susum, danışmayım,
    türk yurdudur bu torpaq?!
    Oğuzların, Elxanların
    Vətənində kimdir bax!

    Susmayacam!!! Qoy atsınlar
    yük altında ölüncə
    Təhqirlərə dözə-dözə
    düşmən mənə gülüncə...

    Süd verərkən doğma anam
    belə demişdir mənə:
    Səni qurban bəsləyirəm
    türk yurduna-- Vətənə!

    Bu dünyada azadlığı
    şan-şöhrətdən üstün tut,
    Alçaqlığı, yaltaqlığı,
    rəzilliyi sən unut!

    Sənin sevgin Vətən olsun,
    millət olsun, mən olum,
    Südüm sənə haram olsun
    xəyanət etsən, oğlum!

    Necə susum, danışmayım,
    mən eləyim xəyanət?
    Hanı sevgi, hanı Vətən,
    di harada qaldı millət?!

    Mən bir qulam, yerim altun,
    suyum gümüş, özüm ac...
    Atam məhkum, anam salih,
    elim hər şeyə möhtac!

    Dil yaranıb danışmağa
    mən danışa bilmirəm,
    Aç qəlbimi, yar sinəmi
    ciyər vərəmdir-vərəm...

    Koramal tək sürünməkdə
    denən varmıdır məna?
    Nə vaxtacan çörək üçün
    girək hər alçaq dona?

    Mən Azəri övladıyam,
    dərin əqlim, zəkam var,
    Nə vaxtacan çiynimizdə
    gəzəcəkdir yağılar?

    Nə qədər ki, hakimlik var,
    məhkumluq var, mən varam!
    Zülmə qarşı üsyankaram,
    əzilsəm də SUSMARAM!!

    Əhməd Cavad
#27.12.2012 06:45 0 0 0