“Tibb müəssisələrində insanların narazılığı ilə qarşılanan məsələlər, onların sağlamlığına təhlükə törədəcək hallarla bağlı KİV-də məlumat yayıldığı halda bunlar Səhiyyə Nazirliyinin yaratdığı komissiyada araşdırılacaq”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
E. Ağayev bildirib ki, bu yaxınlarda ölkə başçısının fərmanı ilə Səhiyyə Nazirliyinin əsasnaməsində müəyyən dəyişiklik edilib. Əsasnamənin 9-cu maddəsində nazirliyin hüquqları təsbit olunub: “Bu hüquqlar əvvəl də var idi və yeni bir mərhələ deyil. Bu dəyişiklik sadəcə Səhiyyə Nazirliyinin əsasnaməsində hüquqlarına olan əlavədir. Yeni dəyişiklərlə insan həyatı üçün təhlükə törədiləcək halda tibb müəssisələrinin fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyinə həvalə olunub. Dövlət müəssisələrində olan bu anlaşılmazlıq və yaxud Baş prokurorluğa insanlar tərəfindən olunan müraciətlər də Səhiyyə Nazirliyin yaratdığı komissiyalar tərəfindən araşdırılır. Günahı olanlar cəzalandırılır. Bəzən olur ki, insanlar xəstə olduğuna görə emosiyalı olurlar, narazılıqlarını bildirirlər, sonradan isə narazılıqlarının olmadığını bildirirlər”.