Ötən il səhiyyə sahəsində təkcə dövlət proqramlarının reallaşmasına 50 milyon manat vəsait xərclənib
Son illər dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin həcmi sürətlə artır. Belə ki, 2003-cü ildə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrıldığı halda, ötən il bu göstərici 502 milyon manata çatdırılıb.
Lent.az-ın məlumatına görə, bu fikir ötən həftə Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında səsləndirilib. Nazirliyin rəsmi internet saytında yayılan məlumatda bildirilir ki, ötən il səhiyyə sisteminə ayrılan vəsaitin həcmi 2008-ci illə müqayisədə 50 faizdən çox artıb. Ümumilikdə isə son 5 ildə səhiyyənin büdcəsi 8 dəfə artıb.
2009-cu ildə 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Qəbul olunmuş proqramların həyata keçirilməsi üçün isə 2008-ci ildə 47, 2009-cu ildə 50 milyon manat vəsait ayrılıb. Nazirliyin hesablamalarına görə, "Şəkərli diabet üzrə Dövlət Proqramı" çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artıb. 2009-cu ilin sonuna belə xəstələrin sayı 118 min nəfəri keçib. Görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölən xəstələrin göstəricisi 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enib.