Qadınlara məsləhət

Son güncelleme: 20.02.2013 00:41
  • Qadın dünyası - Qadınlara dair məsləhətler - Məsləhətler

    Məsləhət 1.

    Bu vaxta qədər qadın jurnallarında oxuduğun, kinolarda gördüyün şeyləri unut. Həyatda evlilik təklifini heç də həmişə kişilər etmirlər. Onlara qalsa, əbədi subay olarlar. Əgər oğlanın sevdiyi yoxdursa, seçim edə bilmirsə, biganədirsə, onu evlənməyə valideynlər məcbur edir. Özləri qız tapır, elçilik edir. Yox, əgər, oğlanın sevdiyi varsa və başqa qızlara tərəf baxmırsa, onda ailə kənara çəkilir. Çünki «yad gözəlçə»ni asanlıqla gəlin qəbul etmək hər ailənin işi deyil. Burada oğlana təsir birbaşa qızın özündən asılıdır. Amma bir şərtlə ki, siz həm öz hisslərinizə, həm də oğlanın sizə olan sevgisinə əmin olmalısınız.

    Məsləhət 2.

    «Müstəqillik, azadlıq, qadın kişi ilə eyni hüquqa malikdir» kimi feminist çıxışları heç olmasa müvəqqəti olaraq bir kənara qoy. Sözünü yeridən qızlardan kişilərin xoşu gəlmir. Hətta o sizi sevsə də evlənməyə çox tərəddüdlər keçirəcək. Əksinə, mülayimləş, utancaq ol, köməyə, qayğıya ehtiyacın varmış kimi davran. Kişilər özlərindən zəif qadınlarla daha tez evlənirlər. Əgər sənin kişi kimi mərd xasiyyətini bəyənib sevibsə, evlənmək üçün daha qadınsayağı obrazda olmaq lazımdır.

    Məsləhət 3.

    Heç vaxt öz intim qabiliyyətini və maraqlarını kişiyə açma. Məhrəm görüşlərdə kitablardan, kinolardan və internetdən öyrəndiyin üsulları tətbiq edib, onu çaşdırma. Kişilər ehtiraslı və cazibəli qadını sevir, lakin onlarla evlənmir. Utancaqlıq, utancaqlıq, yenə də utancaqlıq… Bir sözlə, dünyadan xəbərin yoxdur.

    Məsləhət 4.

    Heç vaxt onun yanında yemək bişirməyi, ev yığışdırmağı, bazarlıq etməyi bacarmadığından və xoşlamadığından fəxrlə danışma. Mətbəxdə və ev işlərində arvadına kömək edən kişiləri tərifləmə. Kişi üçün evdə mətbəx ən arzuolunmaz yerdir. Yaxşı yemək isə onun üçün ölüm-dirim məsələsidir. Hətta ən işgüzar və müasir kişi belə dadlı yeməkdən imtina etməz.

    Məsləhət 5.

    Tənqiddən uzaq dur. Heç vaxt oğlanın ailəsi, işi, hobbisi, dostları, qohumları, fikirləri və vərdişlərini tənqid etmə. Xüsusən, yad adamlar içində. Onun xəyal və arzularını bölüş: maşın almaq istəyir, lap yaxşı. «Nə edirsən maşını? Ondansa səyahətə gedərik» deməkdənsə, «Əzizim, bizim maşınımız da, evimiz də olacaq. Mən çox istəyirəm ki, sən nə arzulayırsan, onu alasan» deməklə, siz oğlanda ümid yaradarsınız. O, fikirləşəcək ki, sən həyatda ona arxa-dayaq, köməkçi ola bilərsən. Əgər oğlan evin tək oğludursa və ya ata-ana ilə o qalmalıdırsa, ayrı yaşamaq və şəxsi ev haqqında arzularını hələlik kənara qoy. Əgər oğlanın geyimini, xasiyyətini, davranışını bəyənmirsənsə və bunu hər dəfə onun üzünə vurursansa, bundan bezən oğlan axırda deyəcək: «Əgər mən belə pisəmsə, bəyənmirsənsə, get, yaxşısını tap». Və bu sözündə o, haqlıdır.

    Məsləhət 6.

    Fikirləş, nəyə görə sevdiyin insan ailə qurmaqdan söhbət belə açmır. Nədən çəkinir? Ola bilər ki, səbəb səndə deyil. Və yuxarıdakı məsləhətləri etməyə ehtiyac yoxdur… Oğlanı nikahdan çəkindirən onlarca maddi, mənəvi, psixoloji səbəb var. Bunlardan hətta bəziləri sənə qəribə və gülməli gələ bilər. Məsələn, elə oğlan var ki, toyda bəy rolunu oynamaqdan və ya öz toyunun qüsurlu olacağından qorxur. Eləsi var ki, toyqabağı hazırlığa tab gətirə bilməyəcəyini düşünür. Bu qorxu hissini psixoloji təsirlə aradan qaldırmaq olar. Eləsi də var ki, evlənəndən sonra acından öləcəyini düşünür.

    Məsləhət 7.

    Əgər heç nəyin xeyri yoxdursa, o zaman bir əlac qalır: onu «yerindən tərpətmək» və nikah masasına itələmək üçün düşünülmüş planlar qurmaq. Məsələn: bir xanım 4 il görüşdüyü oğlanla evlənmək üçün bu üsuldan istifadə edib: oğlanın familiyasından xoşlandığını və belə bir familyanı arzuladığını deyib. Nəticədə, oğlan ona bu arzusuna çatmaqda kömək edib. Digər bir qız isə əvvəlcədən baxıcı ilə danışaraq, oğlanı onun qəbuluna aparıb. Baxıcı oğlana tezliklə ailə qurmağı məsləhət görub. Çünki yalnız ailə qurandan sonra oğlanı böyük uğur və pul gözləyirmiş. Təbii ki, bu fikir oğlanın beyninə batır və evlənmək üçün real namizəd axtarır və təbii ki, yanındakı qızı daha münasib bilib. Ovcundakı nağdı qoyub, nisyənin dalınca kim düşər? Bir qız isə daha da irəli gedərək, riskli bir plan düşünür. Özünü xəstəliyə vurub, tanış həkimin vasitəsilə xəstəxanaya yerləşdirilir. Təbii ki, qızın sağalması və yaşamağa ümidlənməsi üçün sevgilinin köməyinə ehtiyac olur. Nəticə: qız elə xəstəxanadaca oğlandan evlilik təklifi alır.


    Unutmayın: qəlbə hökm etmək, güclə evlənmək olmaz. Yuxarıdakı məsləhətlər bir-birini sevən, uzun müddət bir-birini tanıyan cütlüklərə aiddir. Hələ təzəcə tanış olmuş və yaxud oğlanın ciddi münasibət bəsləmədiyini bilən qızların nə yolla olursa-olsun oğlanı evlənməyə təhrik və məcbur etməsi düzgün deyil. Hər bir addımı atmamışdan əvvəl fikirləşin: buna dəyərmi? Və O həqiqətənmi həyatınızı etibar edəcək kişidir? Əgər fikirləşsəniz, bəlkə də nəticə başqa cür olacaq.

    Alıntı..
#20.02.2013 00:41 0 0 0