Ağrı da bir sınaqdır və onu keçən insanlar daha güclü olurlar
Hər bir adam fiziki ağrının nə olduğunu yaxşı bilir və heç olmasa, bir dəfə də olsun bunu yaşayıb. Hər adama fəqli təsir edən ağrı insana əziyyət verməklə yanaşı, həyatına da təsir edir. Ağrı qorxu, qəzəb, əsəbilik kimi hissləri də qıcıqlandıraraq insanın həyata və başqalarına olan münasibətini dəyişdirir. Lakin ağrı həm də insana özünü dərk etməyə də kömək edə bilər.
Ortayaşlı Sərmayə Ələkbərovanın sözlərinə görə, ad gününü qeyd etmək üçün xeyli qonaq çağırsa da, güclü baş ağrısına görə ad gününü istədiyi kimi qeyd edə bilməyib. Ətrafdakılara başının ağrıdığını və heç cür bunun qarşısını ala bilmədiyini desə də, bunu anlayan olmayıb. Dediyinə görə, hətta bəziləri onun diqqətsiz olduğunu zənn edərək küsüblər: "Bəziləri isə onlardan xoşlanmadığım üçün belə rəftar etdiyimi düşündülər. Bir sözlə, ad günümdə şənlənmək alınmadı".
Əhvala mənfi təsir etdiyi kimi güclü ağrılar iş qabiliyyətini də aşağı salır. Xəstələr çox vaxt ağrını təsvir etməkdə çətinlik çəkir. Ağrı iti, yandıran, sakit və ya şiddətli, sancan, gəlib-gedən olur. Ağrının nə olduğunu hamı bilsə də, çəkdiyin ağrının nə qədər güclü olduğunu başqasına başa salmaq çox çətindir. Ağrını hər insan fərqli keçirir.
Psixoloq Samir Bağırov hesab edir ki, ağrının insana təsiri onun yaşından, tərbiyəsindən, hansı millətdən olmasından, hətta insanın hansı vəziyyətə düşməsindən asılıdır. Müxtəlif vəziyyətlərdə müxtəlif insanlar eyni bir ağrını fərqli yaşaya bilərlər. Həyatı boyu çox ağrı ilə üzləşən adam ağrıları daha asan keçirir, ona görə ki, ağrını hiss etməyə artıq öyrəşib. Eləcə də ağrıya tərs insanlar daha yaxşı dözə bilir. Hər bir xırda xoşagəlməz hadisəni, soyuqdəyməni belə şişirdən insanlar üçünsə ağrı dözülməzdir. Onlar ağrı yaşayan zaman gileylənməyə və ətrafdakıların diqqətini özünə yönəltməyə meyllidirlər. Eləcə də məlumdur ki, qadınlar həyatı boyu ağrıya daha çox öyrəşsələr də, kişilərə nisbətən ağrını daha tez hiss edir və ağrıya çətin dözürlər. Kişilər isə daha dözümlü olmaqlarına baxmayaraq, ağrını təhlükə, həyəcan siqnalı kimi qəbul edir və bu hisslə bacara bilmirlər. Ağrı onlar üçün, ilk növbədə, təhlükədən xəbər verən siqnal kimi başa düşülür.
Fiziki ağrının nə olduğunu hamı bilsə də, ağrı çəkən insanı hər adam anlaya bilmir. Nəticədə ağrı çəkən insan aqressiv, əsəbi, qəmgin və bədbin olduğu üçün başqalarından təcrid olunmağa başlayır. Hətta yaxınları belə adamın davranışını normal qəbul edə bilmirlər. Bununla yanaşı ağrı çəkən insanların yaxınları da bunu özlərinə dərd edirlər. Xüsusilə də xəstə uşaqların valideynləri onların ağrı çəkdiyini bilərək bunun qarşısını ala bilmədikləri üçün çox dərd çəkirlər.
Güclü ağrı insanlarda ölmək, intihar etmək kimi fikirlərə də səbəb olur. Bəzi hallarda insan sadəcə belə ağrılara dözə bilmir. Lakin ağrının müsbət tərəfləri də var. Ağrı insanı özünü dərk etməyə, ağrısız yaşanan həyatın nə qədər dəyərli olmasını anlamağa kömək edir. Psixoloq bildirir ki, istənilən keçə bildiyimiz sınaq bizi sındırmır, əksinə daha güclü edir. Ağrı da bir sınaqdır və onu keçən insanlar daha güclü olur. Həm də insan özü ağrı yaşamasa, başqa insanın ağrı çəkdiyini başa düşüb ona qarşı səbrli davrana bilməz. Ağrı həm də insana sahib olduqlarının qədrini bilməyi, həyata dəyər verməyi öyrədir. İnsan güclü ağrılara qalib gələn zaman özünə inamı artır. Bəzi insanlar isə son günlərinə kimi ağrı ilə yaşamağa məcbur olur. Belə adamlar ağrı ilə yaşamağa öyrənirlər. Belə ki, insan ağrıdan güclü də ola bilər, zəif də. Uzun müddət ağrı çəkən insanlar bundan qurtulduqda sağlam və az ağrı çəkənlərə nisbətən çox şeyi dərk edir, özlərini və həyatlarını da yaxşıya doğru dəyişdirirlər. Ağrı insanı güclü edir və ağrısız keçən dəqiqələrin belə necə də gözəl olduğunu anladır.
Fiziki ağrıların verdiyi əzablarla üzləşən adamlar bildirir ki, ağrı kimi sınağı onun əhəmiyyətli olduğunu dərk etdikdə daha asan keçmək olur. İnsan biləndə ki, onun çəkdiyi ağrı nəyəsə kömək edəcək, bunun nə üçünsə xeyri var, əhəmiyyətli bir şey üçün ağrı çəkir, onda dözə bilir. Məsələn, insan düşünəndə ki, ağrı onun sağalmasına, özünün və ya kiminsə xilas olmasına kömək edəcəksə ağrıya qalib gələ bilir. Hər şey ruh yüksəkliyindən və fikirlərimizin axdığı istiqamətdən asılıdır. Bu səbəbdən də hətta xroniki ağrılar zamanı bunun əbəs yerə olmadığını düşünmək və bunun mənasını tapmaq olar. Yoqa, meditasiya, psixoterapiya belə hallarda insana kömək edir. Hətta insan ölüm ayağında belə bu üsullardan istifadə etməklə təsəlli tapa bilər. Bir çox öləcəyini bilən xəstələr hesab edir ki, ağrı və xəstəlik onlara həyatda vacib olan dəyərlərin nə olduğunu anlatdı. Ağrı həyata olan baxış tərzini və insanın özünü dərkini dəyişdirir.