İnsan nəfsi o təamı zəhərə çevirir

Son güncelleme:
  • Nefsini saxlaya bilmemeyin zererleri - İnsan nəfsi o təamı zəhərə çevirir


    “Nəfsini saxlaya bilməmək həyatı davam etdirmək üçün yaradılmış ərzağı ölüm zəhərinə çevirir”.

    Şəkər insanın qocalma prosesinə birbaşa təsir edir və çox ziyandır. Ən müxtəlif xəstəliklərin - xüsusilə dərinin qocalması, qırışların əmələ gəlməsi, ürək-damar, qan dövranı və s. bir sıra xəstəliklərin yaranmasında və inkişafında şəkərin rolu böyükdür. Tibb elmi şəkəri çoxdan “ağ ölüm” elan edib. Ondan uzaq olun, heç olmasa, ondan istifadəni minimuma endirin ki, xəstələnməyəsiniz.

    Şəkərin orqanizmə xeyri və ziyanları barədə yüzlərlə kitablar yazılmış, elmi araşdırmalar aparılmışdır. Əslində şəkəri bizim tanıma tariximiz o qədər də uzaq deyil, 150 ili ötər, ya ötməz. Şəkər yaxın keçmişə qədər əhalinin yalnız zəngin təbəqəsinin istifadə etdiyi ərzaq növü idi. Özü də çox baha olduğundan apteklərdə qramlarla satılardı.

    Şəkərin vətəni Hindistandır. Təxminən 2300 ildir ki, istifadə edilir. Avropada qədim romalılara da məlum idi. Qəhvəyi rəngli şəkər dənəcikləri şəkər qamışının şirəsindən hazırlanır, Hindistandan Avropaya gətirilirdi. Misir və Roma imperiyasının əyalətləri şəkər satışında Hindistana vasitəçilik edirdilər. Sonradan şəkər qamışı Siciliya və Cənubi İspaniyaya gətirilsə də, bu iş burada davam etdirilmədi.

    Çuğundurun kəşfi

    Rusiyaya şəkər XI-XII əsrlərdə gətirildi. Şəkəri knyazlar və ona yaxın adamlar dada bilərdilər. Rusiyada ilk “Şəkər Palatası” XVIII əsrin sonlarında l Pyotr tərəfindən açılmışdı. Şəkərin xammalı yalnız xaricdən gətirilirdi. 1802-ci ildə isə şəkər yerli xammaldan, şəkər çuğundurundan istehsal olunmağa başladı. Əvvəlcə, Tula vilayətində şəkər çuğunduru əkininə başladılar, sonra isə digər rayonlarda bu işi xeyli genişləndirdilər.

    Alman kimyaçısı Andreas Marggraf 1747-ci ildə şəkər çuğundurunun tərkibindəki şəkərlə şəkər qamışındakı şəkərin eyni olduğunu kəşf etdi.

    Kiçik kubiklər kimi qənd ilk dəfə Çexoslovakiyada 1843-cü ildə istehsal olunub. İndi həmin yerdə - Daçitse şəhərində zavodun önündə kubşəkilli qəndin simvolik heykəli qoyulmuşdur.

    Qənd olmamış meyvə vardı

    Qədim insanlar orqanizmin şəkərə olan ehtiyacını bal və meyvələrlə ödəyirdilər. Tərkibində saxaroza olan bəzi çiçəklər də bəzən bu məsələdə insanların işinə yarayırdı. Qədim Hindistanda şəkər maduk ağacının çiçəyindən alınırdı. Afrikada da müxtəlif bitkilərin çiçəklərindən şəkər almaq üçün istifadə edilirdi.

    İlk dəfə Yaxın Şərqdə şəkər qamışı istehsalına eramızın əvvəllərində başlanması da sübut edir ki, insanın indiki şəkərdən istifadə etməsi o qədər də qədim deyil.

    Enerji mənbəyi

    Bizim istifadə etdiyimiz şəkər şəkər qamışının gövdəsindən və şəkər çuğundurundan istehsal olunur. İndi dünyada istehsal olunan şəkərin 40 faizi şəkər çuğundurundan, 60 faizi isə şəkər qamışından alınır.

    Orqanizmə daxil olan şəkər - saxaroza, cəmi bir neçə dəqiqə ərzində qlükoza və fruktozaya çevrilərək enerji mənbəyi olur. Şəkər enerjidən başqa, heç bir bioloji dəyərə malik deyildir. Şəkərin hər 100 qramı ~ 409,2 kkal enerjiyə malikdir.

    Şəkər faydalıdırmı?

    Şəkərin mənfi xüsusiyyətləri də var:

    1. O verdiyi enerjidən başqa, heç bir qidalandırıcı dəyərə malik deyil.

    2. Həmin enerjini orqanizm başqa ərzaqlardan alsaydı, daha faydalı olardı, həm də əlavə vitamin və mineral maddələr qəbul etmiş olardı.

    3. Şəkər dişin düşmənidir. İnsanın agzında olan bakteriyalar şəkərlə reaksiyaya girərək turşu əmələ gətirir ki, bu da dişin emal qatını dağıdır, karies əmələ gətirir.

    4. Artıq miqdarda şəkər qəbulu orqanizmdə piylərin artmasına gətirib çıxarır, kökəlmə və insanın bədən fiqurunun pozulmasına səbəb olur.

    5. Şəkərin glikemik effekti vardır. Məsələn, insan şirin pirojna yeyən kimi şəkər ani olaraq qana sovrulur. Qanda şəkərin miqdarı artmağa başlayır. Mədəaltı vəz insulin ifraz edir və həmin insulin şəkərin miqdarını ciddi ölçüdə aşağı salır. Beyinə siqnal gedir: - “Bir az da dadlı şəkər yesən, pis olmaz”. İnsan yenə pirojnadan dadır. Buna qarşılıq olaraq mədəaltı vəz insulin ifraz edir. Nəticədə davamlı olaraq orqanizmdə insulin əmələ gəlməyə başlayır. Bu isə xroniki diabet və infarkt qazanmaq riskini artırır.

    6. Qanda saxarozanın miqdarının artması ateroskleroz, işemiya və hipertoniya xəstəliklərinə tutulma riskinin yüksəlməsinə gətirib çıxarır.

    7) İnsanın immun sistemi pozulur.

    8) Şəkəri sevənlər çoxlu miqdarda vitamin B1 qəbul etməli olurlar. Bu, onların yediyi şəkərin həzmi üçün tələb olunur.

    Faydalı cəhətləri:

    1) Şəkər bizdə xoş duyğular oyadır. Şəkər yeyərkən əmələ gələn insulin beyində serotin və dofamin ifrazına səbəb olur. Bunlar isə xoşbəxtlik hormonları olduğundan insan özünü məmnun hiss edir, kefi kökəlir.

    2) Orqanizmə daxil olan şəkər qlükozaya çevrilir, o isə bizi enerji ilə təchiz edir.

    Şəkər əvəzediciləri ziyanlıdır

    Şəkər əvəzediciləri, məsələn, aspartame (E951), asesulfam (E950) az kalorili olmaqla yanaşı, şəkərdən 200 dəfə şirindir. Bu ən geniş yayılmış kimyəvi şəkər əvəzləyicisi olsa da, ən ziyanlısıdır. Uzun müddət qəbul edildikdə başağrısı, qulaqlarda səs, depressiya, allergiya və s. xəstəliklər əmələ gətirir. Güman edilir ki, kansorogen xüsusiyyətləri də vardır.

    Qlükoza uzun müddət vena damarlarına vurularaq müxtəlif ürək-damar, əsəb sistemi və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilirdi.

    Artıq səhiyyə tədricən bundan imtina etməyə başladı. Aydın oldu ki, xüsusilə, yaşlı admda bu, piylənməyə və qanda şəkərin miqdarının yüksəlməsinə gətirib çıxarır. Əgər gənclərin gündəlik karbohidrat ehtiyacı sutkada 400-500 milliqramdırsa, yaşlı adamlarda bu göstərici cəmi 100 milliqramdır.

    Karbohidratlar

    Onu da bilməliyik ki, karbohidratlar təkcə şəkər demək deyil, həm də bal, meyvələr, undan bişirilmiş ərzaqlardır. Bunlardakı şəkər orqanizmdə tez həzm olunaraq qana sovrulur. Şəkər əvəzinə meyvə-tərəvəzdən istifadə edilsə, daha yaxşı olar. Meyvə və gilə-meyvələrdə vitaminlərin bolluğu onlardan istifadəni daha məqsədəuyğun hala gətirir. Arı balı da vitamin, üzvi turşular, duzlar, fermentlərlə zəngindir ki, orqanizmin də bunlara tələbatı hədsizdir və bu qidanın qəbulu ilə daha rahat nəfəs alır.

    Qəhvəyi qənd növü də vardır ki, buna çay və ya kofe qəndi deyirlər. Bəziləri dadına və ətrinə gorə bu qəndi tərifləyir, bəziləri də gec həzm olunduğuna və insanı kökəltdiyinə görə bəyənmirlər. İstehsalçılar onu ekoloji təmiz elit məhsul adlandırırlar. Dietoloqlar isə təmizlənmədiyindən tərkibində başqa qarışıqların olduğunu və kalorisinin yüksəkliyini əsas gətirərək, ondan istifadəni məsləhət görmürlər.

    Uzaq olun ki, sağlam olasınız

    Müxtəlif içkilərdəki şəkər və karbohidratlar insanın fiziki iş qabiliyyətini artırır, beyindəki məmnunluq mərkəzlərini stimullaşdırır. Bu effekt hətta bircə qurtum şirin içki alıb kənara attıqda belə ozünü göstərir. Amma tərkibində şəkər olmayan şəkər əvəzedicilərindən istifadə edildikdə isə bu effekt hiss edilmir. Yəni orqanizmə əsas təsiredici şəkərin dadı yox, kalorisidir.

    alıntı
0 0 0