Kəsib dünənlərin kino-lentindən
onunla mehriban olduğumuz günləri
məchul sabahlara montaj etmək arzusu
yandırır içimi.
Fəvvarəli parkların açılışında əl çalan dostlar
çox görüblər qırmızı lentlərin kəsilməsini.
Mənsə bilmirəm, nə vaxt kəsildi
dilimizin qırmızı lenti,
nə vaxt açdıq ürəyimizi bir-birimizə ?
Kitablara Borxes baxım ki,
nə vaxt onu düşünmüşəmsə,
həmişə baş rolda olmuşam.
Ömür daha çox hansıdı :
zindan kamerası,
yoxsa kino kamerası ?
guya vecimizə deyil heç nə
darıxmamaqla qrimlənib
biganəni oynayırıq
və oyun həmişə başqaları üçündü
başqaları isə əbədidi əfsus ki...
Hamı bir-biri üçün başqasıdı, bilirəm
çox az adam var ki, başqası deyil
çox az adam var ki, bizim Qrimm qardaşımızdı.
əgər filmdirsə ömür,
mən operator işindən narazıyam.
işıqlandırması zəifdi,
gecələri çox gecədi...
bir də ki,
mən axı səni yaxın planda istəyirəm.