Pesto sousu ilə çöreyin terifi ve terkibi - Pesto sousu ilə çöreyin hazırlanma qaydası
Tərkibi:
390 q buğda unu
250 ml su
15 q quru maya
1,5 ç.q. duz
1 x.q. patoka (yaxud bal)
1 x.q. bitki yağı
3 x.q. pesto sousu
Patoka ilə mayanı qarışdırın. Suyun bir hissəsini qızdırın, (qaynar olmasın), bunları yaxşıca həll edin. 10-15 dəqiqə saxlayın.
Dərin ləyənə unu ələyin. Suyun qalanını və mayalı suyu əlavə edib qarışdırın. Duz, bitki yağı əlavə edib yumşaq xəmir hazırlayın. Kombaynda, yaxud mikserdə də çala bilərsiniz. Xəmir ələ yapışmamalıdır.
Kündə tutun. Ləyənə qoyun, üzərini salfetlə örtün. İsti yerdə 40-60 dəqiqə saxlayın. Bu müddətdə həcmi iki dəfə artmalıdır.
Masanın üstünə un səpin. Kündəni üstünə qoyun. Əlinizlə bir azca üstündən basın. 45x30 sm ölçüdə yayın. Üstünə pesto sousu çəkin.
Xəmiri uzun tərəfindən başlamaqla rulet kimi bükün. Qıraqlarını yaxşıca bərkidin ki, bişəndə yağı axmasın.
Sonra onu ilgək kimi bükün (yumşaq). Çevirin (bitişən hissələri altda qalsın).
Üstünə salfet çəkin. Təxminən 40 dəqiqə saxlayın.
Sobanı 200 dərəcəyədək qızdırın. Sini sobanın içində olsun. Kündəni qaynar siniyə qoyun, sinini isə sobanın ən aşağı gözünə. Təxminən 30 dəqiqə bişirin.
Çörəyi dəmir şəbəkənin üstündə azca soyudun. Çörək bıçağıyla doğrayıb, isti-isti süfrəyə verin.