Yaddaşsızlıq, yoxsa ağıl zəifliyi

Son güncelleme: 30.04.2013 12:31
  • Yaddaş pozulması haqqında



    Bu, təkcə qocaların problemi deyil

    «Görəsən, qələmi hara qoymuşam?», “Eynəyimi səhərdən axtarıram” - deyə əlimizlə qoyduğumuz şeyləri saatlarla axtarmaqdan, «Bu gün ayın neçəsidir?» “Səhərdən yemək yeməyim yadıma gəlmir” sözlərini bəzən dəfələrlə təkrarlamaqdan yorulmuruq. Yaddaşımızda problem yarandığından gileylənirik. Bəzən buna adi şey kimi baxır, “keçib-gedər” deyə əhəmiyyət vermirik. Amma alimlərin həyəcanlı açıqlamaları ilə tanış olduqda, problemin heç də “gəldi-gedər” olmadığını anlamaq mümkündür.

    Uşaqlığa qayıtmaq

    Bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və alçheimer xəstəliyi - demensiyadan çox əziyyət çəkir. Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Həkimlər insanlarda qocalıq xəstəliyinin artmasından daha çox alçheimer xəstəliyinin çoxaldığını bildirirlər. Bu, insanların ovqatını təlx edir. Məsələn, Rusiyada hər 5 nəfərdən biri bu xəstəliklə üzləşir. Bu xəstəlik xalq arasında daha çox «qocalıq ağıl zəifliyi» və ya «qocalıq pozğunluğu» kimi tanınır. Buna bəzən yaddaş pozğunluğu kimi də yanaşırlar.

    Əvvəllər alçheimer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Sadəcə, onlar əqli gerilik olduğundan bunu hiss etməsələr də, ailə üzvlərinə əzab-əziyyət yaşadırlar.

    Həkimlər bildirirlər ki, bu risk faktorunun əsas səbəbi yaşla bağlıdır. Nə qədər yaşa dolursansa, «uşaqlığa qayıtmaq» riski də o qədər böyüyür. Məsələn, demensiya riski 70-80 yaşlar arasında 10 dəfə çoxalır. Planetin qlobal qocalması ilə əlaqədar olaraq alimlər bildirirlər ki, yaxın onillikdə bu cür xəstələrin sayı daha da çoxalacaq. Başqa bir məlumatda isə bildirilir ki, hər 20 ildə xəstəlik ikiqat artacaq. Hazırda dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı statistikaya görə 26,6 milyondur. 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artıq olacağı gözlənilir.

    Cinslərin bəlası

    Əgər söhbət risk faktorunun inkişafından gedirsə, burada cinslərin demensiyası az rol oynamır.
    Alimlərin fikrincə, alçheimer xəstəliyindən daha çox qadınlar əziyyət çəkir. Bu, onlarda menopauzanın başlanması ilə əlaqədar estrogen hormonların çatışmazlığı ilə yaranır. Ancaq ürəyində problem yaşanan və arterial təzyiqi yüksək olan kişilər də bu xəstəlikdən yaxa qurtara bilmirlər. Həmçinin irsi amillər də risk faktorunun artmasında rol oynayır.

    Alçheimer xəstəliyi genlərlə əlaqədardır. Ancaq əgər valideynlərdə bu, 65 yaşından sonra yaranıbsa, riskin artması uşaqlarda o qədər çox deyil. Xəstəliyin əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə metal ilə zəhərlənmə, kəllə-beyin travmaları, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsi ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi göstərilir.

    Virciniya universitetinin professoru Timoti Solthaus 7 illik tədqiqatdan sonra qərara gəlib ki, 30 yaşdan sonra insanlarda yaddaş zəifliyinin ilkin təzahürləri başlayır. Alimin 18 yaşdan 60 yaşa qədər 2000 insan üzərində apardığı müşahidə nəticəsində məlum olub ki, 20-30 yaş arası sağlam təhsilli insanlarda pozğunluq yaranır. Bu, daha çox idrak və təsəvvürlə bağlıdır. Təxminən 37 yaşdan sonra yaddaşdan ilk qopmalar başlayır. Alçheimer xəstəliyi 20 il ərzində ilk simptomlarını beyin sferasında göstərir. Xəstəlik növbəti mərhələyə keçəndə pasiyent telefondan, televizorun pultundan, mətbəx plitəsindən necə istifadə etməyi unudur, bəzən müstəqil olaraq qapının kilidini açmağı bacarmır. Ən ağır məqamlarda isə pasiyentlərdə ətrafdakıların köməyinə asılılıq yaranır. Onlar hətta geyinmə, yemək qəbulu və gigiyena zamanı köməyə ehtiyac duyurlar.

    Təcrübə göstərir ki, yaddaşsızlıqla qarşılaşan bir çox adamlarda ilk mərhələdə öz qohumlarının həyatına maraq itirir, onlara diqqət yetirməyi vacib saymırlar. Onlar həkimə də yalnız xəstəlik şiddətlənəndən sonra müraciət edirlər. Statistikaya görə, demensiya xəstələri diaqnoz qoyulandan sonra 8-10 il yaşaya bilirlər.

    Həkimlər bildirirlər ki, istənilən xəstəliyə ilkin mərhələdə qalib gəlmək mümkündür və təbii ki, demensiya da istisna deyil. Bununla belə, alimlər hələ demensiyanın yaranmasının sirlərini tam aça bilməyiblər. Ona görə də bu xəstəliyə mübtəla olanların sağalmasına tam təminatı heç kim vermir. Məsələn, əgər Marqaret Tetçer kimi sabiq baş nazir demensiyadan əziyyət çəkirdisə və onu sağaltmaq mümkün olmadısa, demək problem ciddidir. Bir sıra mütəxəssislər, ümumiyyətlə, deyirlər ki, “qocalıq ağıl zəifliyi”ni müalicə etməyə çalışmaq əhəmiyyətsizdir. Yəni orqanizmdə yaş dəyişikliyini heç bir dərman vasitəsilə sağaltmaq mümkün deyil. Amma bununla razılaşmayanlar da var. Onlar iddia edir ki, əvvəla, demensiyanın bütün növləri bərpa edilməyən deyil. Bəzilərinin səbəbi qocalandan sonra çəkilib gedir. Digər tərəfdən, əgər demensiya sağalmaz xəstəlik kimi göstərilirsə, müasir tibb hesab edir ki, müəyyən preparatlar mənfi sonluğun qarşısını almağa mane ola bilər. Bu mənada ağıl kəmliyini və yaddaşsızlığı müalicə etmək nəinki mümkündür, həm də vacibdir. Bu, xəstəyə ətrafdakılarla əlaqə saxlamağa və öz qayğısına qalmağa, evindəki yaxınlara yük olmamağa kömək edər. Ekspertlərin dediyinə görə, hərçənd, müalicə o qədər də ucuz deyil. Məsələn, Rusiyada bir aylıq müalicə 5 min rubla başa gəlir.

    «Beyin üçün fitnes»

    Ancaq demensiya hadisəsi zamanı profilaktika əla işləyir. Arterial təzyiq və ürək-damar xəstəliklərinin inkişafına mane olmaq üçün düzgün qidalanma böyük əhəmiyyət daşıyır. Əhəmiyyətli olan həmçinin nikotindən və spirtli içkilərdən imtinadır. Təmiz havada idman, piyada gəzintilər çox vacibdir. Bədən üçün lazım olan məşqlər beyin üçün də eyni dərəcədə vacibdir. Bağda işləmək, hətta təmizlik işləri zamanı rəqs etmək, şifahi saymaq, krossvord həll etmək, mühazirələrə, muzeylərə və konsertlərə getmək və xarici dil öyrənmək faydalıdır. Məlumdur ki, əhatə dairəsi geniş olan insanlar az ünsiyyətli adamlara nisbətən yaddaşını daha yaxşı saxlayır. Alimlər deyirlər ki, təhsil neyronların ölümünə mane olmur, ancaq onların itkisini uğurla kompensasiya edir. Son illər hətta dünyada «beyin üçün fitnes» termini yaranıb və yaxınlarla ünsiyyət çox vacibdir. Alimlərin bildirdiyinə görə, ailə qurmamış insanlarda orta yaşda demensiya riski ikiqat artır.

    Bir sıra Avropa ölkələrində demensiya xəstəliyindən erkən yaşlarda əziyyət çəkənlərə dəstək məqsədilə milli proqramlar işlənib. İlk belə proqram Fransada yaranıb. 50 faiz maliyyə demensiya xəstəliyindən əziyyət çəkən insanlara qayğı göstərən şəxslərə, yarısı da sosial müdafiə xidmətinə və səhiyyəyə yönəlib. Yüksək inkişaf etməmiş ölkələrin əksəriyyətində isə hələ heç bir milli proqram yoxdur və demensiyanı heç kim dünyəvi problemə çevirmir. Nəticədə yük xəstənin yaxınlarının çiyninə düşür. Ancaq Avropa ölkələrində sosial xidmət bu yükü öz üzərinə götürür. Sosial işçilər qapıları döyür, bu cür xəstələrə ərzaq aparır, evini təmizləyir, yemək hazırlayırlar.

    Yeri gəlmişkən, Moskvada bir pansionatda xüsusi retro otaq hazırlanıb. Orada köhnə plastinkalar, qramafonlar, kitablar – hər şey qocalara keçmişə qayıtmağa kömək edir. Demensiyadan əziyyət çəkən insanlar üçün bu cür otaqların yaradılması çox vacibdir.
    Azərbaycanda isə, ümumiyyətlə demensiya ilə bağlı söhbət getmir. Ona görə yox ki, problem yoxdur. Sadəcə, ona hələ ki ciddi yanaşılmır. “Qocalıq ağıl zəifliyi”ndən əziyyət çəkənlərin yükünü də adətən ailələri çəkir. Ən pis halda isə belələrini, Müharibə və Əmək Veteranları Pansionatına, ya da ruhi xəstəxanaya göndərirlər.
#30.04.2013 12:31 0 0 0